Rusiya Teatr Sənəti İnstitutunun Tədris Teatrında görkəmli Azərbaycan bəstəkarı, dramaturqu və ictimai xadimi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş konsert keçirilib.
Bakıvaxtı.az Report-a istinadən bildirir ki, konsertdə məşhur "Firuzə", "Arşın mal alan", "Koroğlu" opera və operettalarından romanslar və ariyalar səslənib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev tələbələrin yüksək ifaçılıq səviyyəsini və konsert proqramının emosional gücünü qeyd edib:
"Üzeyir Hacıbəyli Azərbaycan peşəkar musiqi məktəbinin banisidir. Onun töhfəsi böyükdür: o, şərq motivlərini Avropa musiqi ənənələri ilə birləşdirməyi bacarıb. Qeyd etmək lazımdır ki, o, Avropa musiqi ənənələrini rus klassik musiqi məktəbinin təsiri ilə mənimsəyirdi. Nəticədə bu sintezdən Azərbaycan peşəkar klassik musiqi məktəbi yaranıb", - diplomat bildirib.
Rusiya Teatr Sənəti İnstitutunun vokal sənəti kafedrasının müavini, professor Nikolay Vasilyev Üzeyir Hacıbəylinin yaradıcılığının dünya musiqi mədəniyyəti üçün əhəmiyyətini, musiqi teatrı fakültəsinin dekanı Timofey Sapolyov isə Üzeyir Hacıbəyli musiqisinin tədris prosesində xüsusi yer tutduğunu vurğulayıb.
Gecənin rejissoru və aparıcısı Mariya Sladkovskaya qeyd edib ki, Avropa formasının Azərbaycan koloriti ilə ahəngdar şəkildə bir-biri ilə birləşdiyini eşitmək inanılmaz bir hissdir.