• Bakı 18° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

İndi də "GÜL FIRILDAQÇILARI": Sifarişi VERDİ, ödənişi ETDİ, gülü GƏTİRMƏDİLƏR... - ŞİKAYƏT

CƏMİYYƏT

18 Oktyabr 2025 | 12:01

İndi də GÜL FIRILDAQÇILARI: Sifarişi VERDİ, ödənişi ETDİ, gülü GƏTİRMƏDİLƏR... - ŞİKAYƏT

Son illərdə onlayn ticarət və kuryer xidmətlərinin sürətli inkişafı bir çox sahədə insanlara rahatlıq qazandırsa da, bəzən bu rahatlığın fonunda ciddi problemlər də ortaya çıxır.

Xüsusilə sosial şəbəkələr vasitəsilə fəaliyyət göstərən bəzi onlayn mağazalar müştərilərlə qeyri-peşəkar münasibət qurur, sifarişlərin yerinə yetirilməsində məsuliyyətsizlik göstərir və nəticədə insanlar həm vaxt, həm də maddi baxımdan zərər görürlər.

Aşağıda təqdim olunan hadisə də məhz belə mənfi təcrübələrdən biridir. “flowersme.az” adlı gül salonu ilə yaşanan və etimadı sarsıdan bu hadisə onlayn ticarətdə şəffaflıq problemini bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a müraciət edən Emil Bayramov bildirib ki, oktyabrın 16-sı səhər saat 08:53 radələrində “flowersme.az” gül salonundan rəsmi şəkildə sifariş verib:

“Onların Instagram səhifəsini də yoxladım, real mağazalarının olduğunu gördüm – Füzuli küçəsi 79 ünvanında, 28 May metrosu yaxınlığında yerləşirdi”.

Şikayətçinin sözlərinə görə, mağaza məlumatında güllərin saat 10:00-a qədər çatdırılacağı qeyd olunub. Lakin təyin olunan vaxtda nə gül gətirilib, nə də hər hansı bildiriş göndərilib:

“Saat 10:00-da mağazaya zəng etdim. Dedilər ki, kuryer artıq yola çıxıb, yarım saata sifariş məndə olacaq. Gözlədim, amma 11:30 oldu, yenə xəbər çıxmadı. Hər dəfə eyni cavabı eşidirdim: Kuryer yoldadır. Halbuki, ‘Yango’ və ya ‘Bolt’ kimi platformalar vasitəsilə sifarişlər zamanı bildiriş gəlir və prosesi izləmək olur. Amma burada heç bir bildiriş yox idi, bu da şübhə doğururdu”.

Emil Bayramov əlavə edib ki, saat 11:15-də bir daha zəng edərək sifarişin 12:00-a qədər çatdırılmadığı halda ləğv ediləcəyini bildirib. Lakin mağazadan reaksiya olmayıb, vəziyyət də dəyişməyib.

“12:00-da sifarişi ləğv etdiyimi dedim. Bundan sonra qəribə hadisələr başladı – "İnstaqram"da məni blok etdilər, az sonra isə blokdan çıxardılar. Daha sonra nə zənglərimə, nə də mesajlarıma cavab verdilər. Mesajlar oxunurdu, amma cavab gəlmirdi. Təxminən 12:30-da birdən telefona kuryer bildirişi gəldi. Zəng etdim, kuryer dedi: ‘10 dəqiqəyə çatırıq.’ Amma sistemdə çatdırılmaya 43 dəqiqə qaldığı göstərilirdi. Bu da açıq-aşkar yalan idi”.

Şikayətçinin sözlərinə görə, mağaza sonradan ona kuryerin nömrəsini təqdim edib. Lakin həmin şəxs də qeyri-ciddi münasibət nümayiş etdirib:

“Zəng etdim, dedi ki, maşının benzini qurtarıb, başqa kuryer gətirəcək. Mən isə sifarişi artıq istəmədiyimi, vəsaitin geri qaytarılmasını tələb etdim. Amma bildirdilər ki, geri ödəniş olmayacaq”.

Emil Bayramov əlavə edib ki, sonradan məlum olub: onunla əlaqə saxlayan “kuryer” əslində mağazanın öz işçisi imiş.

“Yəni, müştəriləri aldatmaq üçün belə plan qurublar. Həmin şəxs sonradan məndən əlavə 5 manat da istədi. Ümumilikdə 68 manat ödəniş etmişdim”.

Şikayətçi baş verənlərlə bağlı polisə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, ödəniş “kartdan-karta” üsulu ilə həyata keçirilib:

“Mən yerində nağd ödəniş təklif etmişdim, amma ‘yalnız kartla qəbul edirik’ deyə israr etdilər. Bildiyiniz kimi, bu cür qeyri-rəsmi kart ödənişləri vergi qeydiyyatından kənardır və cinayət məsuliyyətinə səbəb ola bilər”.

Bu hadisə bir daha göstərir ki, bəzi onlayn mağazalar hələ də müştəri hüquqlarına hörmət etmir, məsuliyyətsiz davranır və insanların etibarından sui-istifadə edirlər. Bu cür halların qarşısını almaq üçün vətəndaşlar yalnız rəsmi qeydiyyatdan keçmiş, şəffaf fəaliyyət göstərən onlayn platformalara üstünlük verməli, alış-veriş zamanı ödənişlərin yalnız rəsmi hesablar vasitəsilə aparılmasına diqqət yetirməlidirlər.

Məsələ ilə bağlı Bakıvaxtı.az sözügedən mağazanın rəhbərliyi ilə əlaqə saxlayıb.

Sözügedən mağazadan bildirilib ki, həmin şəxsə geri ödənişin edilməsi təklif edilib, kart nömrəsi də VÖEN-ə bağlı olub.

Mağaza rəhbərliyi sözügedən məsələnin ödənişin geri qaytarılması yolu ilə həllini tapmasının tərəfdarıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Oktyabr 2025