• Bakı C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Mayda dərslər 5 gün distant ola bilər? - SƏBƏB

SİYASƏT

11 Aprel 2026 | 00:15

Mayda dərslər 5 gün distant ola bilər? - SƏBƏB

17–22 may 2026-cı il tarixlərində Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkədə təhsil prosesinin təşkili ilə bağlı məsələ aktuallaşıb. Xüsusilə paytaxtda nəqliyyat sıxlığı və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi ehtimalı fonunda dərslərin müvəqqəti olaraq onlayn formata keçirilməsi müzakirə olunur.

Bakıvaxtı.az-ın xəbərinə görə, məsələ ilə bağlı hüquqi çərçivəyə baxdıqda məlum olur ki, Azərbaycan qanunvericiliyində dərslərin məcburi şəkildə onlayn formatda keçirilməsini nəzərdə tutan ayrıca norma mövcud deyil. “Təhsil haqqında” Qanun tədrisin ümumi prinsiplərini müəyyən etsə də, dərslərin hansı formada – əyani, distant və ya hibrid şəkildə təşkil olunmasını konkret olaraq məcburi qaydada tənzimləmir.

Bu o deməkdir ki, dərslərin onlayn rejimə keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanlarının – xüsusilə Elm və Təhsil Nazirliyinin tövsiyə və ya qərarları əsasında mümkün ola bilər. Eyni zamanda, ali və orta təhsil müəssisələri daxili imkanlarını nəzərə alaraq tədris prosesinin təşkilində müəyyən çeviklik tətbiq edə bilərlər.

Qeyd edək ki, oxşar təcrübə daha əvvəl pandemiya dövründə tətbiq olunub. Həmin vaxt xüsusi qərarlarla ölkə üzrə təhsil müəssisələrində dərslər tam şəkildə onlayn formata keçirilmişdi.

Hazırkı vəziyyətdə isə WUF13 tədbiri ilə əlaqədar dərslərin onlayn təşkili yalnız rəsmi qərar qəbul ediləcəyi təqdirdə mümkün olacaq. Hələlik bu istiqamətdə hər hansı normativ sənəd və ya rəsmi açıqlama verilməyib.

Beləliklə, qanunvericilik baxımından dərslərin onlayn keçirilməsinə maneə olmasa da, bu addımın atılması üçün mütləq şəkildə aidiyyəti qurumların qərarı tələb olunur.

Murad İsmayıl


SON XƏBƏRLƏR

10 Aprel 2026