Gürcüstanda sabiq baş nazir və yüksək vəzifəli şəxslərin evlərindən 7 milyon dollardan çox nağd pul götürülüb.
Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində aparılan axtarışlar zamanı ümumilikdə 7 milyon 2 min 200 ABŞ dolları və 136 min lari məbləğində nağd pul götürülüb.
Bu barədə Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə məlumat verilib.
Rəsmi açıqlamaya əsasən, əməliyyat zamanı 198 ədəd qızıl-zinət əşyası və saat, bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, eləcə də 50 mobil telefon və 119 ədəd elektrik avadanlığı da sübut kimi götürülüb.
Bildirilib ki, əməliyyat oktyabrın 17-də səhər saat 10:00-dan etibarən həm Tbilisidə, həm də Dedoplistskaro, Vani, Çoxatauri və Borjomi rayonlarında keçirilib. Ümumilikdə 24 yaşayış ünvanında və bir neçə fərdi şəxsdə axtarış aparılıb.
Axtarış tədbirlərində Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin 230-a yaxın əməkdaşı iştirak edib.
Hazırda istintaq orqanları götürülmüş pul və əşyaların mənşəyini araşdırır, eləcə də toplanmış sənədlər və elektron cihazlar üzərində texniki analiz aparılır.
Rəsmi məlumata görə, istintaq nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.