İranın “Avropa üçlüyü” - Britaniya, Fransa və Almaniya - ilə nüvə danışıqlarını dayandırması mövcud geosiyasi konfiqurasiyanı daha da mürəkkəbləşdirən addımdır. Rəsmi Tehran bu qərarla ilk növbədə göstərmək istəyir ki, Avropa artıq JCPOA-nın siyasi zəmanətçisi rolunu itirib və Vaşinqtonun sanksiya xəttinə tam inteqrasiya olunub.
İranın narazılığının əsas səbəbi Avropa tərəfinin sazişdən gözlənilən iqtisadi dividentləri təmin etməməsi, sanksiyaların yumşaldılmasına dair mexanizmləri həyata keçirməməsi və İAEA çərçivəsində Tehrana qarşı sərt qətnamələr qəbul etməsidir. Bundan əlavə, Ukrayna müharibəsi kontekstində Avropanın İrana qarşı yeni sanksiya paketləri münasibətləri daha da dondurub. Beləliklə, Tehran bu addımla həm siyasi etirazını göstərir, həm də nüvə proqramında daha sərbəst davranmaq üçün özünə geniş manevr sahəsi yaratmağa çalışır.
Danışıqların dayanması Yaxın Şərqdə təhlükəsizlik balansını zərif nöqtəyə gətirir. İsrail İranın nüvə proqramını real təhlükə kimi gördüyündən hərbi variantı gündəmdə saxlayacaq və bu, bölgədə hər an kəskin eskalasiya ehtimalını artırır. Körfəz ölkələri üçün də vəziyyət mürəkkəbləşir: Tehranla dialoq kanalları bağlandıqca, Səudiyyə Ərəbistanının və BƏƏ-nin təhlükəsizlik arxitekturası yenidən qurulur, silahlanma yarışının sürətlənməsi isə regionu yeni risklərə yaxınlaşdırır. Cənubi Qafqaz üçün nəticələr daha dolayı olsa da, əhəmiyyətlidir. İran ətrafında gərginliyin dərinləşməsi enerji qiymətlərinin dəyişkənliyini, nəqliyyat marşrutlarında əlavə riskləri artırır və Tehranın regional aktivliyini sərtləşdirə bilər. Bu isə Azərbaycan kimi balans siyasəti yürüdən dövlətlər üçün manevr imkanlarını daha həssas edir.
Qərb-Tehran münasibətlərinin gələcəyi üç əsas istiqamətdə formalaşa bilər.
Birinci istiqamət uzunmüddətli “soyuq diplomatiya” mərhələsidir - tərəflər birbaşa dialoqa qayıtmır, amma açıq müharibədən də qaçır.
İkinci istiqamət qeyri-rəsmi, arxa qapı danışıqlarıdır. Məhbus dəyişdirilməsi və məhdud iqtisadi güzəştlər kimi məhdud formatlı paketlər gündəmə gələcək.
Üçüncü və ən riskli istiqamət isə qarşılıqlı sərt addımlardır: İran nüvə zənginləşdirilməsini sürətləndirir, Qərb isə həm sanksiyaları genişləndirir, həm də hərbi-siyasi təzyiq alətlərini aktivləşdirir. Bu ssenari Yaxın Şərqdən Cənubi Qafqaza qədər geniş geosiyasi məkanda yeni dalğalanmalar yarada bilər.
Nəticə etibarilə, danışıqların dayanması təkcə diplomatik prosesin donması deyil - regionun strateji sabitliyi üçün də yeni təhdid mərhələsinin başlanğıcı deməkdir.
Ruslan Zəngəzur
Bakı 



