"Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı AĞ Partiyanın mövqeyi spektikdir. Partiya olaraq Ermənistanla hər hansı formada sülhün imzalanmasının tərəfdarı deyilik".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Ermənistan heç bir beynəllxalq müqaviləyə, öz imzasına hörmət etməyən bir ölkədir:
"Heç kim də qarantiya vermir ki, bu gün sülh imzalanacaq, sabah Ermənistan tərəfdən sülh pozulmayacaq. Real və səmimi sülh imzalamaq istəyən ölkə Azərbaycanla davamlı sülh danışıqları aparar. Fransa, Hindistan, Yunanıstan və s. ölkələrdən silah-sursat almaz. Ordusunu gücləndirməyə çalışmaz, revanşist hisslərlə addımlar atmaz. Ermənistan öz Konstitusiyalarında açıq-aşkar iki dövlətə - Azərbaycana və Türkiyəyə ərazi iddialarını israrla saxlamaqdadır. Belə bir ölkə ilə hansı qalıcı sülhdən danışmaq olar?! Bu dövlətə inanmaq, bel bağlamaq mümkündürmü?”
Müsahibimiz o səbəbdən erməni tərəfinin səmimi olaraq hansısa sülh sənədinə imza atacağına qətiyyətn inanmır. Bildirib ki, İrəvanın sülhlə bağlı açıqlamaları, sazişi imzalamağa hazır olduğunu bəyan etməsi növbəti erməni hiyləsidir:
“Ermənistanın bugünədək atdığı addımın heç birində səmimi sülh istəyi olmayıb. İrəvan Azərbaycanın güclü dönəmində ortaya gətirdiyi sənədi bir növ özünün "mühafizə qarantiyası" kimi görür. Ermənistan çalışır ki, istənilən formada sənəd imzalansın və nəticədə zaman qazanaraq öz ordusunu yenidən gücləndirsin”.
Tural Abbaslı: İrəvanın sülhə hazır olduğunu bəyan etməsi növbəti erməni hiyləsidir
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycana sərf edən sülh müqaviləsi cəmi üç bənddən ibarət olmalıdır:
"Birincisi, Ermənistan Azərbaycana təzminat vermək haqqına öhdəlik götürür. İkincisi, hücum silahları almayacağı barədə söz verir. Üçüncüsü, Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması istiqamətində danışıqlara başlamağa razılaşır. Bu 3 bəndin yer almadığı sülh sazişi Azərbaybaycanın maraqlarına uyğun deyil. Ona görə də Bakı erməni tərəfinin həvəs göstərdiyi sülhə can atmamalıdır”.
T.Abbaslıya görə, erməni tərəfi beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya başladıb ki, guya ölkəmiz müharibəyə, hücuma hazırlaşır və s.
“Bu da göstərir ki, Ermənistan Bakıya təzyiq göstərilməsinə nail olmaqla istəmədiyimiz sülh sənədi imzalamağa məcbur etməyə çalışır".
Aydın Baxış