Son günlərdə sosial şəbəkələrdə xəstə, arıq heyvanların videosu paylaşılır. Sözügedən heyvanların Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramının icrası ilə vətəndaşlara verildiyi deyilir.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayev iddialarla bağlı açıqlama yayıb.
O bildirib ki, məsələ ilə bağlı yayılan sözügedən fotolar Afrika və Rusiyada çəkilib
“Bu, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramını ləkələmək, yalan məlumatlar paylaşmaqla izləyicilərini aldatmaq, bununla da oxucu qazanmaq cəhdləridir. Proqram çərçivəsində vətəndaşlara guya xəstə, arıq heyvanlar təqdim edildiyinə dair paylaşılan məlumatlar həqiqəti əks etdirmir, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə aidiyyəti yoxdur. Yayılan görüntülər xarici ölkələrdə çəkilib, biri Rusiya, digəri isə Afrika ölkələrindən birində sosial şəbəkələrdə yayılıb. Bunu internetdə sadə axtarış etməklə də müəyyənləşdirmək mümkündür.
Təəssüflə qeyd edirik ki, bəzi sosial şəbəkə istifadəçiləri saxta, həqiqətə uyğun olmayan məlumatları məqsədli şəkildə paylaşdıqdan sonra, özünü media orqanı elan edən səhifələr də qurumun mövqeyini öyrənmədən, dəqiqləşdirmədən bunları paylaşır, dövlətin mühüm aktiv məşğulluq proqramının icrasına kölgə salır”.
Özünməşğulluq proqramına cəlb edilən vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir. Heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt tərtib olunur. Paylanma zamanı isə vətəndaşa kənd təsərrüfatı aktivlərini seçmək üçün şərait yaradılır. Öz razılığı ilə seçdikdən sonra, məmnunluğunu bildirən videogörüntüsü çəkilir, imzası ilə heyvanların keyfiyyətindən razılığını təsdiq edir. Bütün bu materiallar adlı siyahı şəklində DMA-nın rəsmi saytında müvafiq bölmədə yerləşdirilir”, - deyə dövlər rəsmisi bildirib.