• Bakı 29° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Azərbaycanda milli parklar ölkə ərazisinin 10.54%-ni təşkil edir

CƏMİYYƏT

15 Iyul 2025 | 09:56

Azərbaycanda milli parklar ölkə ərazisinin 10.54%-ni təşkil edir

Azərbaycanda yeni milli parkların - Axar-Baxar və İlisu milli parklarının yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir:

"Yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir. İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966,0 hektardır".

Bildirilib ki, Azərbaycanda Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin (XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,31 faizini təşkil edirdi:

"Yeni yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54 faizinə yüksəlib. Hər iki milli parkın yaradılması həmin ərazilərin zəngin təbii və tarixi irsinin əhəmiyyətli turizm potensialına çevrilməsi ilə yanaşı, regionda məşğulluğun artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə, ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq".

Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.


SON XƏBƏRLƏR