• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycanda ŞOK: Gölə baxmaq üçün “ZAQS kağızı” TƏLƏB OLUNUR

CƏMİYYƏT

27 Sentyabr 2022 | 15:47

Azərbaycanda ŞOK: Gölə baxmaq üçün “ZAQS kağızı” TƏLƏB OLUNUR

Pandemiyadan sonra biletlər xeyli bahalaşdığından vətəndaşlarımız daha çox ölkə daxilində səyahətə üstünlük verir. Ancaq bəzən rayonlarda elə xidmətlərlə, elə qiymətlərlə rastlaşırsan ki, insan yerli səyahəti seçdiyindən peşman olur.

Bugünlərdə Şamaxı rayonuna istirahətə gedən ailə Bakıvaxtı.az-a orda gördüklərindən şikayətlənib. Vətəndaşın dediyinə görə, Sakit Gölə baxmaq üçün onlardan nikah kağızı və müəyyən məbləğdə pul tələb olunub. Maraqlısı da odur ki, kişilər yalnız yanında xanım olduğu halda, içəri daxil ola bilər. Yanında xanım yoxdursa, nəinki gölə baxa, heç həmin ərazidəki restoranda əyləşə bilməzsən.

“Şamaxıdakı Alpaka adlı heyvanların saxlanıldığı parka getmək istədik. Həmin parka giriş böyüklək üçün 35, 6 yaşdan böyük uşaqlar üçün isə 15 manatdır. Ailədə 4 nəfərik, bir parkı gəzmək üçün 100 manat xərc çıxır. Azərbaycanda ailələrin gəlir səviyyəsini nəzərə alsaq, bu qiymətlər olduqca fantastikdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, turizm sahəsində qiymətlər həqiqətən yüksəkdir. Amma onun sözlərinə azad bazar iqtisadiyyatıdır, qiyməti dövlət tərəfindən tənzimlənməyən malların və xidmətlərin qiyməti istənilən cür təyin oluna bilər, dövlətin buna müdaxilə etmək icazəsi yoxdur: “Lakin dövlət əlində olan imkanlardan, vergi, gömrük resurslarından istifadə edib qiymətlərin salınmasına gətirib çıxara bilər”.

Sakit Göl məsələsinə gəlincə, AİB sədri deyib ki, bununla bağlı ona da şikayətlər daxil olur: “Çox təəssüf ki, burda da istehlakçı hüquqlarının pozulması kimi xarakterizə olunan amillər var. Düşünürəm ki, vətəndaşlardan yüksək miqdarda pul, nikah kağızı tələb olunması qeyri-qanuni və istehlakçı hüquqlarının pozulmasıdır. Baxmayaraq ki, cənab prezidentin icra hakimiyyətləri haqqında təsdiq etdiyi əsasnamənin 4-5-ci bəndində qeyd edilib ki, icra hakimiyyətlərinin bu kimi məsələlərlə məşğul olmaq və istehlakçı hüquqlarını qorumaq səlahiyyətləti var”.

E.Hüseynovun sözlərinə görə, həmin əsasnamənin 4.5.2.5-ci maddədə deyilir ki, icra hakimiyyətlərinin istehlakçının hüquqlarını müdafiəsi məqsədilə məhkəmədə iddia qaldırmaq hüququ var: “Ancaq görək, Şamaxı Rayon İcra Hakimiyyəti bu sahədə bir iş görübmü?! Məlumdur ki, Prezident Administrasiyası bütün bu işlərə nəzarət edir, icra hakimiyyətlərindən il ərzində istehlakçı hüquqlarını qorumaq üçün hansı işləri görmələri ilə bağlı hansı birindən hesabat alınıb. Hələ mən bir dəfə də belə hesabata rast gəlməmişəm. Bu cür neqativ hal Şamaxı Rayon İcra Hakimiyyətində də mövcuddur. Mütləq Şamaxı RİH bu məsələlərə son qoymalı, xüsusən də həddindən artıq şişirdilmiş qiymətlər, heyvanxanaya baxış və Sakit Göl probleminə son qoyulmalıdır. Bütün bu işlər Azərbaycanda turizmin inkişafına endirilən zərbədir. Düşünürəm ki, müsbət nəticələr əldə etmək və turistlər üçün açıq elan etmək, qiymətlərin aşağı düşməsi üçün işlər görmək lazımdır”.

Turizm eksperti Elçin Rüstəmov Bakıvaxtı.az-a bildirib ki, Sakit Göl MMC-dir, şəxsi mülkiyyətdir, ona görə vergi vermək şərti ilə istədiyi qiyməti qoya bilər: “Ümumi olaraq qiymətlərə gəldikdə isə, həqiqətən yüksəkdir. Yəni, standartlara görə bahadır, ancaq buna baxmayaraq, insanlar gedirlər”.

Onun sözlərinə görə, təəssüf ki, bizdə istər hotel, istər turizm şəbəkələri, istərsə də restoranlarda qiymətlərə təsir edən bir qurum yoxdur: “Bu baxımdan, edə biləcəyimiz bir şey yoxdur.  Məsələn, mən hazırda Almaniyadayam və bura çox turist gəlir, ancaq burda belə qiymətlərə nəzarət sistemi var. Bir çox obyektlər dövlətə məxsusdur, özəllərə də nəzarət edilir. Yəni, istənilən şəxs ürəyi istəyən qiyməti qoya bilməz”.

Ekspert bildirib ki, əgər Azərbaycanda qiymətlərin tənzimlənməsindən danışılırsa, birinci növbədə mütləq belə bir qurum yaradılmalıdır: “Biz daha əvvəl də bununla bağlı təklif irəli sürmüşdük ki, monitorinq qrupu, ya da qiymətlərə nəzarət şöbəsi yaradılsın. Hər kəsin sərbəst istədiyi qiyməti qoyması Azərbaycan turizminə mənfi təsir göstərir”.

E.Rüstəmov vurğulaylb ki, dünya təcrübəsində Azərbaycan kimi dünyəvi dövlətlərin heç birində hər hansı obyektdə gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur: “Bu, heç bir praktikada yoxdur. Yəqin ki, bu qayda Sakit Gölün rəhbərliyi tərəfindən tədbiq olunur. Adi gölə baxılması üçün 20 manat istənilməsi, təbii ki, baha və absurd bir qiymətdir. Azərbaycanda buna nəzarət edən qurum olmadığı, insanlar da yeni yerlər axtardığı üçün bununla razılaşmağa məcburuq”.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hoteldə qalmaq istəyən vətəndaş, əcnəbi yaxud vətəndaşlığı olmayan şəxslər hotelə şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər: “Cütlüklərdən hoteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur. Azərbaycan Mülki Məcəllənin 400.2-ci maddəsinə əsasən hotel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqları qəbul etməkdən imtina edə bilməz”.

Qeyd olunub ki, Mülki Məcəllənin 400.2-ci maddəsinə görə sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz: “Hər zaman qeyd etdiyimiz kimi, bazar iqtisadiyyatında qiymətlər tələb-təklif prinsipi əsasında müəyyənləşdirilir. Dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi qiymət tənzimlənməsi prosesində iştirak etmir”.

Aytac Aslan


SON XƏBƏRLƏR