Azərbaycanda artıq üz tanıma texnologiyasından istifadə etməklə fiziki kart və ya digər daşıyıcı olmadan ödəniş etmək mümkündür. SİMA Pay istifadəçinin üzünü real vaxt rejimində tanıyaraq ödənişi həyata keçirir. Sistem zamanı biometrik məlumatların yoxlanılması ilə yanaşı, saxta görüntülərdən istifadə hallarının qarşısının alınması üçün canlılıq testi də aparılır.
Bununla bağlı Bakıvaxtı.az-a danışan “AzInTelecom”un İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli bildirib ki, SİMA Pay-də ödəniş zamanı sistem istifadəçinin üz görüntüsünü real vaxtda skan edir və onu şəxsiyyət vəsiqəsindəki biometrik foto ilə müqayisə edir.
Onun sözlərinə görə, burada yalnız fotoşəklin müqayisəsi aparılmır. İnsanın üzündəki unikal xüsusiyyətlər – çənə, alın, yanaq və digər nahiyələrdəki biometrik nöqtələr analiz edilir. Paralel olaraq sistem “canlılıq testi” (liveness detection) həyata keçirir. Bu isə fotoşəkil və ya video vasitəsilə sistemi aldatmaq cəhdlərinin qarşısının alınmasına xidmət edir.
A.Nəzərli biometrik məlumatların qorunmasına da toxunub. Dediyinə görə, məlumatlar şifrələnmiş formada saxlanılır və onların saxlanması və emalı Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir:

Amin Nəzərli: Kartın oğurlanması, klonlanması və ya PIN-kodun ələ keçirilməsi kimi risklər azalır
Müsahibimiz qeyd edib ki, SİMA Pay-də istifadəçinin bank kartını sistemə bağlaması prosesi də tərəfdaş platformadan asılı olaraq həyata keçirilir. Bunun üçün ayrıca əlavə tətbiqdən istifadə tələb olunmur:
"Belə ki, vətəndaş ödəniş etmək istədiyi marketin mobil tətbiqində bir dəfə SİMA Pay-də qeydiyyatdan keçir. Bank kartı məlumatları əvvəlcədən həmin tətbiqdə əlavə edilir. Bundan sonra üzlə ödəniş zamanı vəsait avtomatik olaraq bağlı bank kartından çıxılır.
Vətəndaş sadəcə kameraya baxaraq ödəniş edə bilir”.
O vurğulayıb ki, texnologiyanın əsas üstünlüklərindən biri təhlükəsizlikdir. Belə ki, kartın oğurlanması, klonlanması və ya PIN-kodun ələ keçirilməsi kimi risklər azalır. Çünki bu halda ödəniş vasitəsi istifadəçinin öz simasıdır.
"Bununla yanaşı, sistem ödəniş prosesini daha sürətli və təmassız şəkildə həyata keçirməyə imkan verir", - deyə Amin Nəzərli əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



