"Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda reallaşdırılan layihələrdən kənara qalmışdı. Azərbaycanın şərti dəyişməz idi, ərazi bütövlüyü və suverenliyin təmini. Təbii ki, məhz bu amil üzərindən Cənubi Qafqazda ənənəvi qaydada öyrəşdiyimiz rəqabət saxlanılmağa çalışılır və beynəlxalq münasibətlərin digər aktorlarının bölgəyə gəlişinin qarşısı alınırdı".
Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a Cənubi Qafqazda postmünaqişə dövründə formalaşan yeni geosiyasi reallıqlar və Azərbaycan-BƏƏ münasibətlərinin strateji əhəmiyyəti barədə danışarkən bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan bunları aydın görürdü, lakin prezident İlham Əliyev son dərəcə təmkinli yanaşma ortaya qoyaraq, beynəlxalq platformalarda Azərbaycanın probleminin mahiyyətini aydın çatdırmağı bacardı. İllər ərzində elə bir siyasət yürütdü ki, dünyanın inkişaf etməkdə olan ölkələri ilə qarşılıqlı, səmərəli münasibətlər qurmağı bacardı. Azərbaycanın yaratdığı reallıqdan sonra təklif etdiyimiz sülh gündəliyi bu gün Ermənistanın da qarşısında yeni üfüqlər açır. Əslində, Cənubi Qafqazın ənənəvi rəqabətdən çıxması Ermənistana da siyasi manevr imkanları təqdim edir.

Şəbnəm Həsənova: Münasibətlərin strateji xarakter qazanması uzaqgörən siyasətdən xəbər verir
Ş.Həsənova bildirib ki, axır vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinin Ermənistan-Azərbaycan münasibətlərinin formalaşdırılmasında oynadığı rol, göstərdiyi yanaşma BƏƏ-nin prosesə və regiona daha sıx cəlb olunmasına gətirib çıxartdı:
"8 avqust Vaşinqton razılaşmalarından sonra bu münasibətlər daha da inkişaf etməyə başladı. Beləliklə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında iqtisadi, siyasi, enerji, təhlükəsizlik üzrə əməkdaşlıq daha da dərinləşdirilir".
Müsahibimizin fikrincə, əsas məsələ ondan ibarətdir ki, bu, hər iki tərəfin marağına uyğun olmaqla yanaşı, həm də dünyanın bugünkü iqtisadi reallıqlarına uyğundur. Münasibətlərin strateji xarakter qazanması uzaqgörən siyasətdən xəbər verir. Ənənəvi enerji, bərpa olan enerji üzrə baxışlarımız eynidir:
"Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, biz resurs lənətinə məruz qalırıq. Eyni aqibəti BƏƏ də yaşayır. Habelə, coğrafi mövqe baxımından hər iki ölkə mərkəzi logistika rolunu oynayır. İki ölkənin malik olduğu reallıqlar və qarşıda dayanan imkan və fürsətlər münasibətlərin daha da yaxınlaşmasını, strateji xarakter almasını zəruri edir".
Zeynəb Rzayeva
Bakı 




