Son illər şəhərlərdə artan avtomobil sıxlığı nəqliyyat sisteminin effektivliyini ciddi şəkildə zəiflədib və həm vaxt itkisinə, həm də ekoloji yükün yüksəlməsinə səbəb olur. Buna cavab olaraq dünya ölkələri alternativ nəqliyyat modellərinə yönəlir.
Velosiped yollarının genişləndirilməsi, ictimai nəqliyyatla inteqrasiyalı “park & ride” sistemlərinin qurulması kimi həllər avtomobil asılılığını azaltmağın mühüm vasitələri kimi təklif olunur.
Bu yanaşmaların real effekti nədir? Alternativ nəqliyyat modelləri gündəlik mobilitet vərdişlərini dəyişərək şəhərin avtomobil yükünü həqiqətən azalda bilərmi, yoxsa onlar yalnız əlavə infrastruktur kimi qalır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, ağıllı nəqliyyat sistemləri, şübhəsiz, müasir texnologiyalara əsaslanan və nəqliyyatın idarə olunmasında yenilikçi həllər təklif edən sistemlərdir:
"Lakin bu, onların bütün problemləri avtomatik olaraq həll edəcəyi anlamına gəlmir. Hər bir ölkənin və xüsusən də paytaxt şəhərlərin özünəməxsus infrastruktur problemləri olduğundan, bu sistemlərin tətbiqi zamanı müəyyən çətinliklər və sınaqlar qaçılmazdır".
Onun sözlərinə görə, bəzi ölkələrdə analoji texnoloji sistemlər problemsiz şəkildə tətbiq olunsa da, digər şəhərlərdə eyni uğuru təmin etmək infrastrukturun vəziyyətindən və mövcud yol şəbəkəsinin potensialından asılıdır:
"Reallıq ondan ibarətdir ki, yeni yolların inşası, mövcud yolların hərəkət qabiliyyətinin artırılması və avtomobil axınının optimallaşdırılması olmadan nəqliyyatda ciddi irəliləyiş əldə etmək çətindir. Avtomobil sayının sadəcə azaldılması da tam həll deyil. Əsas məsələ daha səmərəli və funksional nəqliyyat xidmətlərinin yaradılmasıdır. Məsələn, velosiped yolları ayrıca və tam infrastruktur kimi inşa edilməlidir".

Aslan Əsədov: Yol infrastrukturu yeni avtomobillərin sayına uyğun genişləndirilməlidir
Həmsöhbətimiz bildirib ki, Azərbaycanda isə velosiped zolaqları çox vaxt mövcud avtomobil yolunun içindən “kəsilərək” ayrılır ki, bu da nəqliyyat axınında əlavə maneələr yaradır. Bu cür yanaşma nəticədə gözlənilən effekti vermir və hərəkət üstünlüyünə mənfi təsir göstərir:
"Problemin mahiyyəti odur ki, təkcə hansısa sistemin tətbiqi kifayət etmir. Yol infrastrukturu yeni avtomobillərin sayına uyğun genişləndirilməli, məhəllədaxili yollar inkişaf etdirilməli və çoxmərtəbəli binalarda parkinq xidmətləri artırılmalıdır. Velosiped, skuter və avtobus zolaqlarının hazırda avtomobil yolunun içində təşkil olunması isə planlaşdırılmamış yanaşmanı nümayiş etdirir və əlavə çətinliklər yaradır".
Aslan Əsədov onu da deyib ki, nəqliyyatda davamlı və effektiv nəticə əldə etmək üçün ayrı-ayrı addımlar deyil, kompleks və strateji yanaşma tələb olunur.
Əli Hüseynov
Bakı 




