Energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının Protokolunda enerji məsələlərinin də əks olunması bu istiqamətdə tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilib.
Görüşdə birgə layihələrin, o cümlədən “Xudafərin”, “Qız Qalası” və “Ordubad” su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.
Bakı 






