İranda su böhranı artıq dövlət səviyyəsində etiraf olunan, siyasi və sosial sabitliyi təhdid edən ən ciddi problemlərdən birinə çevrilib.
Bakıvaxtı.az-ın məlumatına görə, İranın enerji naziri Abbas Əliabadi qonşu ölkələrdən su idxalının planlaşdırıldığını deyib. Nazir bunu İranda geniş yayılmış quraqlıqla əlaqələndirib: “Əgər suyu münasib qiymətə satmaq istəyən bir ölkə varsa, biz onu alacağıq”.
Maraqlıdır, Azərbaycanın İrana su satacaq qədər yetərli resursu varmı?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın özündə də su ehtiyatları o qədər də çox deyil:
"Açıq desək, biz Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkələrdən biriyik. Lakin işğaldan azad olunmuş ərazilərin geri qaytarılmasından sonra su ehtiyatlarında müəyyən artım müşahidə olunur".
Ekspert bildirib ki, müvafiq danışıqlar aparılar, həm Azərbaycan, həm də İran üçün sərfəli qiymət mexanizmləri formalaşarsa, gələcəkdə bu istiqamətdə addım atıla bilər:
“Ümumilikdə isə yaxın 25-30 il ərzində şirin su dünya miqyasında ən çox tələb görən məhsullardan birinə çevriləcək”.
Bakıvaxtı.az məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan cavab olaraq bildirilib ki, hazırda ADSEA tərəfindən hər hansı qonşu ölkəyə, o cümlədən İrana su ixracı ilə bağlı hər hansı mövzu müzakirəsi və ya qərar mövcud deyil:
"Qeyd edilməlidir ki, Azərbaycan məhdud su ehtiyatlarına malik ölkələr sırasındadır və ölkə üzrə formalaşan su ehtiyatlarının təqribən 70 faizi transsərhəd çaylar hesabına təmin olunur".
Zeynəb Rzayeva
Bakı 




