Azərbaycanda mobil operator "Azercell" istifadəçiləri arasında narazılıq doğuran qərarları ilə diqqət çəkir. Uzun müddət istifadə edilən nömrələrin qəfil ləğvi və ya balans səbəbi ilə bağlanması insanlarda təəccüb və narahatlıq yaradır.
Bu hadisəni yaşayanlardan biri də jurnalist Əzizə İsmayılovadır.
Bakıvaxtı.az-ın məlumatına görə, jurnalist 20 ildən çoxdur istifadə etdiyi "Azercell" nömrəsi sahibi tərəfindən balans artırılmadığı üçün qəflətən ləğv edildiyini bildirib.
İsmayılova bildirir ki, əvvəlcə nömrəyə pul əlavə etmək istədiyi zaman “sistem xətası” mesajı alıb və bunun müvəqqəti texniki problem olduğunu düşünərək bir neçə gün cəhd edib. Lakin cəhdlərin nəticəsi olmayıb və sonda nömrəsinin ləğv edildiyini öyrənib.
Jurnalist bu qərarı “uzun illər istifadə etdiyim, davamlı ödəniş etdiyim nömrənin sadəcə balans artırılmadığı üçün ləğv edilməsi anlaşılmazdır” sözləri ilə şərh edib.
Məsələ ilə bağlı "Azercell"-in müştəri xidmətlərindən Bakıvaxtı.az-a bildirilib ki,SimSim nömrəsinin balansına yüklənilən danışıq kartlarının istifadə müddəti bitdikdən sonra nömrənin xətti 90 gün ərzində birtərəfli açıq qalır:
"Bu müddət ərzində nömrəyə heç bir yükləmə edilmədiyi halda, xətt sistem tərəfindən ləğv olunur. Ləğv olunan nömrənin balansı və nömrəyə aid digər xidmətlər də ləğv olunur. Ləğv olunan nömrə uzun müddət ərzində bərpa edilmədiyi halda, satışa buraxıla bilər. Nömrənin birtərəfli və ikitərəfli bağlanmasından öncə istifadəçiyə xəbərdarlıq mesajı göndərilir".
Qeyd edilib ki, tarif paketi yeniləndikdə, nömrənin xətti tarifin istifadə müddəti boyunca açıq qalır:
"Tarif paketi yenilənmədikdə və ya sonradan balansa yüklənən danışıq kartının istifadə müddəti bitdikdə, nömrənin xətti birtərəfli bağlanır. Xətt birtərəfli bağlandıqdan sonra növbəti 90 gün ərzində balans artırılmadığı və ya tarif paketi yenilənmədiyi halda, nömrə sistem tərəfindən ləğv olunur. Ləğv olunan nömrə istənilən vaxt satışa təqdim oluna bilər".
Əli Hüseynov