30 sentyabr Yer kürəsini bürüyən maqnit qasırğası artıq təxminən 30 saatdır fasiləsiz olaraq davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və Sibir bölməsinin İSZF laboratoriyası məlumat verib.
Məlumata görə, fırtınanın başladığı vaxtdan bəri sahənin miqyası iki dəfə azalıb. Bununla yanaşı, qasırğanın gücü də zəifləyib. Yəni, əvvəl G3+ səviyyəsində olan güc indi G1-dən G2-yə qədər dəyişir.
Mütəxəssislər bildiriblər ki, son 24 saat ərzində planetlərarası mühitin parametrləri əsasən pisə doğru dəyişib. Planetin yaxınlığında günəş küləyinin sürəti saniyədə 400 kilometrdən 700 kilometrə qədər artıb, plazmanın temperaturu isə üç dəfə artaraq 300 min dərəcəyə çatıb.
Yaxın sutka üçün proqnoz da əlverişsiz olaraq qalır.
“Qasırğanın gücünün yaxın saatlarda "sarı" səviyyəyə düşməsi mümkün olsa da, həm Günəşdə, həm də Yerə yaxın kosmosda şərait normallaşma üçün əlverişli deyil. Əksinə, son günlərdə ilk dəfə olaraq, Günəşdə ən yüksək X sinfində alışmaların baş verməsi ehtimalı 50 faizdən yuxarı qiymətləndirilir”, – deyə laboratoriyadan bildirilib.
Mina Mikayılova