Xəbər verdiyimiz kimi, Azərbaycanda "Premium" və "Super" markalı benzinin hər litri üçün qiyməti 15 qəpik artıb. Belə ki, Aİ-95 markalı benzinin qiyməti 1.25 manatdan 1.40 manata, Aİ-98 markalı benzinin qiyməti 1.40 manatdan 1.55 manata yüksəlib.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakivaxti.az-a açıqlamasında bildirib ki, yanacağın qiymətinin artması bahalaşmaya səbəb olacaq.
“Azərbaycan bazarı nəzəri cəhətdən dünya bazarına inteqrasiya olunub. Lakin bu praktik cəhətdən belə deyil. Dövlət başçısı çıxışlarında deyir ki, ölkədə inhisarçılıq var, ölkədə karter sövdələşməsi var. Yəni ölkə bazarı dünya bazarına inteqrasiya etməyib. Dünya bazarında malın qiyməti qalxanda mütləq Azərbaycanda da qalxır, amma qiymətlər aşağı düşəndə bizdə qiymətlər aşağı düşmür.
Arzu edərdik ki, Azərbaycan istehlakçıları da başqa ölkələrdə olduğu kimi ucuz mal və xidmətdən istifadə etsinlər. Lakin dünya maliyyə böhranında belə Azərbaycanda qiymətlər sabit qaldı və hətta bir müddətdən sonra bahalaşdı. Bir sözlə Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir! Neft ölkəsi olan Azərbaycanda hökumətin maliyyə xərclərinin və digər məsələlərin istehlakçıların cibindən qoparılmasını doğru hesab etmirəm. Şübhəsiz ki, hətta yanacağın qiyməti ilə əlaqəsi olmayan bəzi mal və xidmətlər də avtomatik olaraq bahalaşır”,-deyə E.Hüseynov bildirib.
Ekspert vurğulayıb ki, ölkədə karter sövdələşmələri var: “Hər bir mal qrupunun və xidmətin sahibləri, inhisarçılar sövdələşərək qiymətləri artıracaq. Çox təəssüflər olsun ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələ ilə bağlı mübarizədə demək olar, heç bir iş görmür. 10 ildən artıqdır Antiinhisar Məcəlləsi qəbul olunmur. Ölkədə istehlakçı siyasəti zəif səviyyədə aparılır. Təsadüfi deyil ki, iki il öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin adından istehlakçı sözü çıxarıldı. İstehlakçı hüququnun arxa planda olması narazılıqlara səbəb olacaq”.
Ramid İbrahimov
Bakıvaxtı.az
















