"Rəqəmsal texnologiyalar bu gün insan həyatının demək olar ki, bütün sahələrinə nüfuz edib. İnternet, sosial media və süni intellekt artıq uzun müddətdir ki, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və uşaqların dünyagörüşünə, sosial münasibətlərinə və inkişaf prosesinə birbaşa təsir göstərir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların gündəlik həyatına birbaşa təsir göstərir. İnternet, sosial media və süni intellekt uşaqlar üçün yeni imkanlar yaratsa da, nəzarətsiz istifadə ciddi risklər formalaşdırır.
Bahar Muradova qeyd edib ki, şəxsi məlumatların qorunmaması, zərərli məzmun və onlayn zorakılıq artıq hipotetik təhlükə deyil, bir çox ölkədə uşaqların real təcrübəsinə çevrilib. Bu hallar uşaqların psixoloji vəziyyətinə, sosial münasibətlərinə və şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir:
“Uşaqların rəqəmsal mühitdə müdafiəsi yalnız sosial məsələ deyil, eyni zamanda insan hüquqları baxımından həyati əhəmiyyətli prioritetdir. O bildirib ki, Azərbaycan bu sahədə beynəlxalq prinsipləri bölüşür və uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində hüquqi və institusional mexanizmləri ardıcıl şəkildə gücləndirir”.
Zeynəb Rzayeva
Bakı 




