"2026-cı ilin birinci yarımilində Bakı şəhər prokurorluğuna 10 573 müraciət daxil olub, 1299 vətəndaş qəbul edilib."
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, hesabat dövründə qəbul edilən vətəndaşlardan 173 nəfəri birbaşa Bakı şəhər prokuroru Elşən Abbasov tərəfindən dinlənilib.
Müşavirədə vətəndaş müraciətlərinə operativ baxılmasının, xüsusilə şəhid ailələrinin, itkin düşmüş şəxslərin yaxınlarının və sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirəsalınmadan reaksiya verilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, "Elektron Prokurorluq" informasiya sisteminin tətbiqinin işin səmərəliliyini artırdığı qeyd olunub və bütün prokurorluq əməkdaşlarının elektron sənəd dövriyyəsinə tam hazır olmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Müşavirədə həmçinin bildirilib ki, xidməti və əmək intizamına ciddi nəzarət nəticəsində hesabat dövründə Bakı şəhər prokurorluq orqanlarının bir əməkdaşı intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edilib.
Bakı 



