• Bakı 25° C

    13.04 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

15 Avqust 2026 | 16:05

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yay aylarında ən çox istehlak edilən məhsullardan biri olan dondurmanın seçimi zamanı istehlakçılar diqqətli olmalıdır.

Bakıvaxtı.az Musavat.com-a istinadla xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında dondurmanın keyfiyyəti və saxlanma şəraiti ilə bağlı istehlakçılara bir sıra tövsiyələr verib.

Onun sözlərinə görə, dondurma mövsümü başlayandan istehlakçılardan məhsulla bağlı müxtəlif şikayətlər daxil olur. Hüseynov bildirib ki, bəzi hallarda dondurmanın qablaşdırmasının əzilmiş və zədələnmiş olması ilə bağlı müraciətlər edilir.

O qeyd edib ki, keyfiyyətli dondurma istehsalında əsasən kərə yağından istifadə olunur. Bununla yanaşı, müvafiq texniki şərtlərə və standartlara cavab verdiyi halda kokos yağından da istifadə edilə bilər.

Eyyub Hüseynovun sözlərinə görə, bəzi istehsalçılar kərə yağına qənaət etmək məqsədilə məhsula müxtəlif bitki yağları əlavə edə bilərlər:

“Standartlara uyğun hazırlanmış keyfiyyətli dondurma dilə qoyulduqda təzə qaymaq dadı verməlidir”.

Ekspert istehlakçılara dondurmanın qablaşdırmasına xüsusi diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, əzilmiş, deformasiyaya uğramış və sonradan yenidən dondurulmuş məhsullardan uzaq durmaq lazımdır.

Hüseynov bildirib ki, xüsusilə uzaq ölkələrdən gətirilən dondurmalar daşınma zamanı temperatur dəyişikliklərinə məruz qala, əriyə və daha sonra yenidən dondurula bilər. Bu isə məhsulun keyfiyyəti və təhlükəsizliyi baxımından risk yaradır.

O, istehlakçıların məhsulun istehsal və buraxılış tarixini, həmçinin son yararlılıq müddətini yoxlamasının vacibliyini vurğulayıb.

“İstehlakçılara mümkün qədər yararlılıq müddəti çox uzun olmayan dondurmalara üstünlük verməyi tövsiyə edirəm”, - deyə Eyyub Hüseynov qeyd edib.

AİB sədri Azərbaycanda bir neçə yerli dondurma istehsalçısının fəaliyyət göstərdiyini, eyni zamanda ölkəyə xaricdən də müxtəlif məhsulların gətirildiyini bildirib. O, istehlakçılara yerli istehsala üstünlük verməyi tövsiyə edib.

Hüseynov əlavə edib ki, istehlakçı şübhəli dondurma məhsulu ilə qarşılaşarsa, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 Çağrı Mərkəzinə məlumat verə bilər.

Ekspert həmçinin dondurmaların qış aylarında istehsal edilərək yay mövsümünə qədər saxlanılması ilə bağlı istehlakçılardan məlumatlar daxil olduğunu bildirib.

Onun sözlərinə görə, dondurma -18°C temperaturda saxlanıldıqda uzun müddət qoruna bilər və məhsulun keyfiyyətində dəyişiklik baş verməyə bilər. Buna baxmayaraq, istehlakçılara istehsal və son yararlılıq tarixləri arasındakı müddəti daha qısa olan məhsullara üstünlük vermələri tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026