• Bakı 15° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Bakı-Tehran dialoqunun yeni mərhələsi: Cənubi Qafqaz siyasətində "yumşalma"...

SİYASƏT

01 Dekabr 2025 | 16:26

Bakı-Tehran dialoqunun yeni mərhələsi: Cənubi Qafqaz siyasətində yumşalma...

Yaxın Şərqdə geosiyasi gərginliyin dərinləşdiyi, regional güc balansının sürətlə dəyişdiyi bir mərhələdə İran öz xarici siyasətində daha ehtiyatlı və praqmatik xəttə keçmək məcburiyyətində qalıb.

Artan təzyiqlər, xüsusilə ABŞ ilə qarşıdurmanın kəskinləşməsi Tehran üçün riskləri artırır və bu da onun sərhəd qonşuları ilə münasibətlərdə yumşalma siyasətinə üstünlük verməsinə səbəb olur.

Məhz bu kontekstdə İranın Azərbaycan və Türkiyə ilə münasibətlərində müşahidə edilən pozitiv dinamika diqqət çəkir.

Bakı–Tehran xəttində dialoqun intensivləşməsi, nəqliyyat və təhlükəsizlik sahələrində ortaq mövqelərin formalaşması, yeni rəhbərlik – xüsusilə Məsud Pezeşkianın mötədil yanaşması fonunda İranın region siyasətində “yumşalma xətti”nin real konturları görünməyə başlayır.

Bu prosesin taktiki gediş, yoxsa strateji dönüş olması isə hələ də müzakirə mövzusudur.

İranın Cənubi Qafqaz siyasətində müşahidə olunan “yumşalma xətti” strateji dönüşdür, yoxsa regiondakı geosiyasi dəyişikliklərdən qaynaqlanan müvəqqəti taktiki addımdır? Bakı–Tehran dialoqunda kommunikasiya və təhlükəsizlik əməkdaşlığının intensivləşməsi iki ölkə münasibətlərinə uzunmüddətli təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxt.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, İranın düşdüyü hazırkı geosiyasi situasiya ölkə üçün heç də ümidverici deyil. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginlik pik həddə çatıb, regionda qarşıdurmaların miqyası genişlənir və proseslər getdikcə daha təhlükəli məzmun kəsb edir. Bu qarşıdurmanın bir tərəfində ABŞ-ın dayanması isə Tehran üzərindəki təzyiqləri maksimal səviyyəyə qaldırır. Belə şəraitdə İran öz sərhədləri boyunca münasibətləri yumşaltmağa, qonşu ölkələrlə daha praqmatik xətt aparmağa məcbur olur.

"Bu yumşalma xətti həm Türkiyə, həm də Azərbaycan istiqamətində nəzərə çarpır. Tehran Ankara ilə münasibətlərdə gərginliyi azaltmağa yönəlmiş mesajlar verir, dialoqu genişləndirməyə çalışır. Eyni proses Azərbaycanla münasibətlərdə də özünü daha aydın şəkildə göstərir. Bakı–Tehran xəttində son aylarda müşahidə edilən pozitiv ritorika, yüksək səviyyəli görüşlərin artması və qarşılıqlı etimadın müəyyən dərəcədə bərpası yeni mərhələdən xəbər verir",- deyə müsahibimiz vurğulayıb.

Elçin Xalidbəyli: Rusiyadan İrana doğru uzanan dəhlizin reallaşdırılması üçün Bakının razılığı həlledici faktordur

Həmsöhbətimiz deyib ki, bu dönüşdə İranın yeni siyasi rəhbərliyinin, xüsusilə də prezident Məsud Pezeşkianın mötədil yanaşması mühüm rol oynayır. O, Azərbaycanla münasibətlərin normallaşdırılmasına açıq səmimi iradə nümayiş etdirir, dialoqun dərinləşdirilməsini prioritet hesab edir. Pezeşkianın yanaşması həm də iqtisadi və nəqliyyat əməkdaşlığı sahəsində ortaq mövqelərin formalaşmasına təkan verir.

Elçin Xalidbəylinin fikrincə, Azərbaycan İran üçün yalnız qonşu ölkə deyil, həm də strateji tranzit tərəfdaşıdır:

"Şimal–Cənub Nəqliyyat Dəhlizinin əsas hissəsinin Azərbaycan ərazisindən keçməli olması Tehran üçün xüsusi əhəmiyyət kəsb edir. Üstəlik, Rusiyadan İrana doğru uzanan dəhlizin reallaşdırılması üçün Bakının razılığı həlledici faktordur. Bu da Azərbaycanı İran üçün regionda əvəzsiz tərəfdaş mövqeyinə yüksəldir".

Sonda şərhçi deyib ki, həm regional təzyiqlər, həm də nəqliyyat-logistika əməkdaşlığının zəruriliyi İranı Azərbaycanla münasibətlərdə daha konstruktiv və praqmatik xəttə yönəldir. Bunun irəliyə doğru davamlı trend olub-olmayacağı isə qarşıdakı siyasi proseslərdən, Tehran–Bakı dialoqunun necə inkişaf etməsindən asılı olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR