Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin açılış mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Konqres Gülüstan sarayında təşkil edilib.
Bildirilib ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Nəzərə çatdırılıb ki, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.
Qeyd olunub ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.
“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqres iştirakçıları 20 DTT balı əldə edəcək.
Mina Mikayılova