Biləsuvarda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, onlar rayonun Ovçubərə kənd sakinləri - Pərviz İsmayılov və Hüseyn Feyziyevdir.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 15-də saat 12 radələrində M.Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobillə P.İsmayılovun idarə etdiyi "VAZ" markalı avtomobil Biləsuvar rayonunun Ağalıkənd kəndinin ərazisində toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan 2 sərnişin hadisə yerində ölüb, sürücü və digər 1 sərnişin isə xəsarət alıb.
Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
***
15:37
Biləsuvarda iki nəfərin öldüyü qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az bu barədə TƏBİB-ə istinadən xəbər verir.
Bildirilib ki, bu gün saat 12:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1985-ci il təvəllüdlü şəxsə başın, döş qəfəsinin səthi travması, sol kürəkdə və sağ dizdə əzilmiş və sıyrıqlar, 2000-ci il təvəllüdlü şəxsə isə dəqiqləşdirilməmiş kəllədaxili travma, döş qəfəsinin səthi travması diaqnozları təyin edilib.
Hazırda hər ikisinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, 2009-cu il təvəlüdlü şəxs aqonal vəziyyətdə tibb müəssisəsinə daxil olub. Bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 12:45-də pasiyentin ölüm faktı qeydə alınıb.
***
14:16
Biləsuvarda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində kəndi ərazisində qeydə alınıb. Qəza zamanı 2 nəfərin həyatını itirdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.