• Bakı 15° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Bakıda evə basqın edib 75 yaşlı qadını öldürənə AĞIR CƏZA

CƏMİYYƏT

07 Noyabr 2025 | 17:34

Bakıda evə basqın edib 75 yaşlı qadını öldürənə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yenimusavat.com məlumat yayıb.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqı açıq elan olunub. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib. Daha sonra S. Cəbiyev bir neçə dəfə təhqirə məruz qaldıqdan sonra hadisənin yaşandığını, öldürmək kimi bir niyyətinin olmadığını bildirib:

"Onun məni niyə təhqir etdiyinin səbəbini bilmirdim. Gedib səbəbini soruşdum, dedim "bəlkə sənə qarşı bir səhvim olub? Elədirsə, qələt edib üzr istəyirəm. Amma niyə hər dəfə məni görəndə təhqir edirsən?" Yenə başladı mənə çox nalayiq söyüşlər yağdırmağa. Artıq dözə bilmədim və onu vurdum. Onu da deyim ki, qeyd edildiyi kimi evdən pul filan götürməmişəm. Əməlimdən qismən peşmanam".

Zərərçəkənin hüquqi varisi Nicat Əsgərxanov hadisə baş verən gün işdə olduğunu deyib:

"İş yoğunluğu səbəbindən bibimdən neçə gündür xəbər tuta bilmirdim. Nahar vaxtı zəng etdim, telefonu sönülü idi. Əvvəllər heç vaxt belə hal baş verməmişdi, onun telefonu həmişə açıq olurdu. Sonra bacımla onun evinə gedib qapını döydük, açmadı qapını. Qonşudan nərdivan tapıb hasarı aşaraq evə daxil oldum. Qapılar bağlı idi. İki pəncərə açıq idi. Telefonuna zəng vurduq, cavab vermədi. Qonşu qadın dedi ki, "Hiss edirsən? İçəridən pis qoxu gəlir. FHN- ə zəng etdik, gəlib qapını açdı. Açan kimi yerdə olan meyiti gördük".

Digər şahid Fərhad Kərimov hadisədən xəbəri olmadığını bildirib:

"Gecə saat 3 radələri idi. Süleymandan telefonuma zəng gəldi, dedi "Qonaq qəbul edərsən?". Gəldi, qapını açıb evə dəvət elədim. Dedi "Bir az oturub gedəcəm. Pula ehtiyacım var". Cibimdə olan pulu çıxarıb ona verdim, tezliklə qaytaracağını dedi, lakin qaytarmadı".

Şahid Nigar Abbasova ayın 1-də qardaşı ilə bağlı bibisinin evinə gəldiyini, lakin bibisinin qapısının bağlı olduğunu qeyd edib:

"Başladıq qonşulardan soruşmağa, kimsə heç nə bilmirdi. Polis və FHN gəldi, qapıları açıb içəri keçdilər. Mən çöldə olduğumdan meyiti görmədim".

Sonra prosesdə iştirak etməyən iki şahidin ilkin istintaqda verdiyi ifadələr məhkəmədə elan olunub.

Bununla da məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış edərək, Süleyman Cəbiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra məhkəmə S. Cəbiyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 75 yaşlı Jalə Əsgərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o, qadının mənzilindəki 450 manatı götürərək hadisə yerini tərk edib.

Süleyman Cəbiyev barəsində Cinayət Məcəlləsinin 120.2.4- cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə qəsdən adam öldümə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR