Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Forest School Azerbaijan” tərəfindən “Atalar məktəbi” proqramının icrasına start verilib.
Bakıvaxtı.az xəbər verir ki, layihə Sosial Xidmətlər Agentliyinin ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına xidmət edir.
“Atalar məktəbi” proqramının əsas məqsədi ataların valideynlik prosesində iştirakının gücləndirilməsi, ailədaxili münasibətlərin sağlam və dayanıqlı əsaslar üzərində qurulması, oğlan və qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul olunmasının təşviqi, uşaqların fiziki və psixoloji inkişafının daha təsirli şəkildə dəstəklənməsidir.
Layihə çərçivəsində müvafiq sahə üzrə bilik və bacarıqlara malik, geniş auditoriya ilə işləmək təcrübəsi olan 10 təlimçi seçilərək və onlar üçün xüsusi hazırlıq təlimləri təşkil edilib.
Təlimləri tamamlayan fasilitatorlar cari ilin dekabr ayı ərzində bölgələrdə atalar üçün maarifləndirici təlimlərə və müzakirə sessiyalarına başlayacaqlar.
Proqram paytaxtın Sabunçu və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini, Xırdalan şəhərini, Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarını əhatə edəcək. Ümumilikdə 250 ata layihəyə birbaşa cəlb olunacaq.
Layihə çərçivəsində 5 dekabr 2025-ci il tarixində məlumatlandırma sessiyası və təqdimat mərasimi keçirilmişdir. Tədbirin məqsədi Atalar məktəbi modelini ictimaiyyətə təqdim etmək, proqramın məqsəd və əhatə dairəsini tanıtmaq, eləcə də artıq təlim keçmiş təlimçilərlə tanışlıq və onların bölgələrdə fəaliyyətə başlaması öncəsi görüşü təmin etməkdir.
Beynəlxalq tədqiqatlar da göstərir ki, ataların aktiv iştirakı çətin həyat şəraitində yaşayan ailələrin rifah halının yaxşılaşdırır. Eyni zamanda sağlam ata-övlad münasibətləri uşaqların sosial bacarıqlarını, məktəb nailiyyətlərini və psixoloji dayanıqlığını artıran əsas amillərdən biridir.
Bakı 















