Xəbər verdiyimiz kimi, Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında əksini tapıb.
Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, nəqliyyatın düzgün qurulması üçün ilk növbədə infrastrukturun yaradılmasına maliyyə ayrılması vacibdir.
Ekspertin sözlərinə görə, bu, maliyyə sahibkarlığın inkişafına yönəlmiş layihə kimi də çıxış edəcək və sahibkarlar üçün dəstək mexanizmi rolunu oynayacaq. Müsahibimiz izah edib ki, bu gün ictimai nəqliyyatın bir hissəsi məhz sahibkar subyektləri tərəfindən idarə olunur və onlar dövlətin əsas nəqliyyat infrastrukturunda aparıcı mexanizmlərdən biridir:
“Bu, Bakı şəhərində, Gəncədə və digər regionlarda daha dayanıqlı infrastrukturun formalaşmasına töhfə verəcək”.
Aslan Əsədov: Gediş haqqının bir manatdan çox olmaması gözlənilir
A.Əsədov qeyd edib ki, layihənin tətbiqi müasir texnologiyalar və avadanlıqlar əsasında həyata keçiriləcək.
Ekspert əlavə edib ki, infrastrukturun müxtəlif kateqoriyalarında tətbiq olunan sadə və mürəkkəb mexanizmlərin ümumi bir alyansını təşkil edəcək, vahid bir sistem, mexanizm yaradılacaq:
“Bu yanaşma ictimai nəqliyyatda indiyədək mövcud olan bəzi çatışmazlıqların, yəni gecikmələrin, xidmət keyfiyyətinin aşağı olmasının və s. aradan qaldırılmasına imkan verəcək”.
Müsahibimiz hesab edir ki, ödənişli sistem həm şəffaflığı, həm də xidmət keyfiyyətini artıracaq. Dediyinə görə, bu mexanizm özünüidarəetmə prinsipləri ilə işləyəcək və nəticədə daha dayanıqlı ictimai nəqliyyat modeli formalaşacaq.
A.Əsədov ödəniş məbləği barədə danışarkən bildirib ki, ilkin proqnozlara əsasən, gediş haqqının bir manatdan çox olmaması gözlənilir:
“Daha dəqiq desək, məbləğin 50 qəpik - 1 manat intervalında olması ehtimal edilir. Bu, şəhərin yol uzunluğu və xidmətlərin ekvivalenti nəzərə alınaraq müəyyənləşdiriləcək”.
Mina Mikayılova