Oktyabrın 30-da Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə açaraq, layihənin məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanın dağıdılmış və izləri silinmiş maddi-mədəni irsinin elektron və vizual formatda sənədləşdirilməsi, arxivləşdirilməsi və beynəlxalq ictimaiyyətə tanıdılmasıdır.
Onun sözlərinə görə, Qərbi Azərbaycan ərazisindəki tarixi abidələr – məscidlər, qalalar, körpülər, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq nümunələri uzun illər ərzində sistemli şəkildə dağıdılıb, yer üzündən silinib və ya saxtalaşdırılaraq erməni abidələri kimi təqdim olunub.
Bu səbəbdən həmin abidələrə dair məlumatların toplanaraq vahid elektron bazada təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.
Layihə çərçivəsində təqdim edilən yenilənmiş qerbiazerbaycanirsi.az (www.westernazheritage.com) platforması Qərbi Azərbaycanın maddi-mədəni irsini əks etdirən interaktiv elektron bazadır. Hüseynzadə qeyd edib ki, ötən il yaradılan bu platforma 2025-ci ildə daha da təkmilləşdirilib — dizayn yenilənib, axtarış və filtr sistemləri genişləndirilib, məlumat bazası isə əhəmiyyətli dərəcədə zənginləşdirilib.
Əgər 2024-cü ildə bazada 200-dən çox abidə haqqında məlumat yerləşdirilmişdisə, 2025-ci ildə daha 250 abidə barədə məlumat əlavə edilib. Beləliklə, hazırda elektron bazada 500-ə yaxın abidə haqqında məlumat toplanıb.
Platforma istifadəçilərə Qərbi Azərbaycanın 21 abidə növü (məscid, qala, karvansara, körpü, qəbiristanlıq və s.) və tarixi mahal bölgüləri üzrə axtarış və filtr imkanları təqdim edir. Bütün məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur ki, bu da beynəlxalq auditoriyaya çıxışı asanlaşdırır.
Cəsarət Hüseynzadə bildirib ki, layihə çərçivəsində eyni zamanda “Tarixin izi ilə” sənədli filmi də hazırlanıb. Film İrəvan məscidləri, Sal-sal qalası və Aşağı Talın qalası kimi Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyətini əks etdirən abidələrdən bəhs edir.
Filmin çəkilişlərinə tanınmış tarixçi–araşdırmaçı alimlər cəlb olunub, beynəlxalq auditoriyaya çatdırılması məqsədilə ingilis dilində subtitrlər hazırlanıb.
Tədbir çərçivəsində həm qerbiazerbaycanirsi.az saytının təqdimatı, həm də filmin çəkiliş prosesindən bəhs edən videoroliklər nümayiş etdirilib.
Çıxışlardan sonra “Tarixin izi ilə” filmi nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb.
Bakı 


