Meymunçiçəyi virusunun bütün alt növlərinin dövriyyədə qalmaqda davam etdiyi ilə bağlı xəbərdarlıq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında qeyd olunub.
ÜST xəbərdarlıq edib ki, epidemiya qısa müddətdə nəzarət altına alınmazsa, virusun yayılması davam edə bilər.
Hesabatda həmçinin “clade 1b” variantının Afrikadan kənara yayıldığı vurğulanıb.
Məlumata görə, İtaliya, Malayziya, Hollandiya, Portuqaliya, İspaniya və ABŞ-də son zamanlar səyahət etməmiş şəxslərdə “Mpox” virusunun “clade 1b” variantına yoluxma halları təsdiqlənib.
2025-ci ilin sentyabr ayına olan statistikaya əsasən, 42 ölkədə ümumilikdə 3 135 yoluxma və 12 ölüm halı qeydə alınıb. Yoluxmaların 80 faizindən çoxu Afrika bölgəsində aşkarlanıb.
Son 6 həftə ərzində virusun aktiv olduğu 17 Afrika ölkəsində 2 862 yoluxma və 17 ölüm faktı təsdiqlənib.
Qeyd edək ki, “Mpox” virusunun iki əsas genetik ştammı mövcuddur: “clade I” və “clade II”. “Clade I” adətən Mərkəzi və Şərqi Afrikada yayılıb və daha ağır gedişata səbəb olur. Qərbi Afrikada müşahidə olunan “Clade II” isə 2022-ci ildə qlobal epidemiyaya yol açmış daha yüngül variant hesab olunur.
Bakı 


