Bakida çətirlə oğurluğa gedən şəxsin məhkəməsi başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu ilin may ayında tutulmuş Həsənov Coşqun Arzu oğlunun barəsindəki iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ona Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 10-na təyin edilib. Məhkəmə prosesi hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Binəqədi rayon sakini Svetlana Mehdiyeva zərərçəkmiş şəxs qismində tanınıb. Bildirilib ki, o, bir neçə ay öncə polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.
İşin maraqlı tərəfi isə sözügedən şəxsin istifadə etdiyi metoddur. Belə ki, o, oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Kərim Abbaszadə