Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirir.
Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub.
Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur.
Monitorinqlər hazırda davam etdirilir. Qeyd olunan nöqsanlar aşkar edildiyi təqdirdə həmin sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcək.
İstehlakçılar bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 - qaynar xəttinə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat verə bilərlər.