Botoks və dolğu prosedurlarına maraq sürətlə artmaqdadır.
Sözügedən prosedurlar yalnız qadınlar arasında deyil, kişilər arasında da populyarlıq qazanıb.
Ancaq tez-tez onların zərərləri və yaratdığı qalıcı fəsadlar barədə insanlara xəbərdarlıq edilir.
Bəs, maraqlıdır, insanların gözəlləşmək üçün üz tutduğu bu müdaxilələr hansı hallarda təhlükəlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dermatoloq Mehdi Mahmudi bildirib ki, botoks və dolğu prosedurları ümumiyyətlə təhlükəsiz sayılsa da, düzgün şəraitdə və ixtisaslı həkim tərəfindən edilmədikdə ciddi fəsadlara yol aça bilər.
Mehdi Mahmudi:"Dolğunun yanlış texnika ilə damar içi vurulması görmə itkisinə səbəb ola bilər."
M.Mahmudi qeyd edib ki, botoks sinir uclarını müvəqqəti bloklayaraq əzələlərin yığılmasının qarşısını alır, lakin yanlış dozaj və düzgün olmayan yerə tətbiq edildikdə xoşagəlməz nəticələrə gətirib çıxara bilər:
“Ən çox rast gəlinən problemlər arasında əzələ iflici, üzün asimmetriyası, göz qapağında sallanma və təbii mimikanın itməsini göstərmək olar. Botulinum toksini çox yüksək dozada və ya yanlış yerə yayılarsa, sinir ötürülməsinə təsir edə bilər. Nadir hallarda başgicəllənmə, baş ağrısı, ümumi zəiflik müşahidə olunur. Bəzi hallarda isə allergik reaksiyalar yəni, qızartı, ödem, qaşınma və hətta anafilaksiya baş verə bilər”.
Bundan başqa dermatoloq söyləyib ki, toksin qan dövranına qarışarsa udqunma və ya nəfəs darlığı ola bilər.
Dolğuların dəri altına həcm vermək üçün istifadə olunduğunu deyən M.Mahmudi əlavə edib ki, bu zaman da ciddi risklər mövcuddur. Onun sözlərinə görə, dolğunun yanlış texnika ilə damar içi vurulması qan axınının bloklanmasına, nəticədə dəri nekrozuna və hətta görmə itkisinə səbəb ola bilər. Həmçinin asimmetriya, topalanma, iltihabi reaksiyalar və infeksiya halları da mümkündür.
“Ən təhlükəli fəsadlar damar tıxanması, sinir zədələnməsi və allergik reaksiyalardır. Bu risklər əsasən prosedurun ixtisası olmayan şəxslər tərəfindən, steril olmayan mühitdə, yüksək dozaj və keyfiyyətsiz preparatlarla aparılması zamanı yaranır. Həmçinin xəstənin gizli nevroloji və ya allergik xəstəlikləri nəzərə alınmadıqda da problem qaçılmaz olur”, – deyə Mehdi Mahmudi əlavə edib.
Dermatoloq vurğulayıb ki, botoks və dolğu prosedurlarının təhlükəsizliyi üçün onlar yalnız dermatoloq və ya estetik təbabət üzrə təcrübəli həkimlər tərəfindən aparılmalıdır.
Mina Mikayılova