Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyada rəsmi səfərdədir. XİN başçısının səfəri Bakı-Moskva münasibətlərinin mürəkkəb regional və beynəlxalq proseslər fonunda qorunub saxlanılmasına verilən əhəmiyyətin göstəricisidir.
Ceyhun Bayramov iyulun 16-da Moskvaya yola düşüb, bu gün isə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub. Görüşdə ikitərəfli münasibətlərin vəziyyəti, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərin müzakirəsi gözlənilir.
Azərbaycanın yanaşması bundan ibarətdir ki, Rusiya regionun mühüm dövlətlərindən biri, eyni zamanda Bakı üçün böyük iqtisadi, siyasi və humanitar tərəfdaşdır. İki ölkə arasında münasibətlər yalnız rəsmi diplomatik təmaslarla məhdudlaşmır. Ticarət, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə formalaşmış geniş əməkdaşlıq infrastrukturu mövcuddur. Rusiyada böyük azərbaycanlı icmasının, Azərbaycanda isə rusdilli təhsil və mədəni mühitin olması münasibətlərə əlavə ictimai dayaq verir. Buna görə də Bakı Rusiya ilə əlaqələrin qarşıdurma deyil, qarşılıqlı maraq, bərabərhüquqluluq və suverenliyə hörmət əsasında inkişaf etdirilməsini istəyir.
Ceyhun Bayramovun səfəri göstərir ki, Azərbaycan mümkün fikir ayrılıqlarının emosional bəyanatlar və media qarşıdurması vasitəsilə deyil, birbaşa siyasi dialoq yolu ilə həllinə üstünlük verir. Bakı mürəkkəb məqamlarda belə diplomatik kanalları açıq saxlayır, münasibətlərin bütövlükdə zərər görməməsi üçün təmkinli və məsuliyyətli davranır. Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlərin inkişaf xətti qorunur, lakin bu əməkdaşlıq heç bir halda Azərbaycanın milli maraqları, müstəqil siyasəti və suveren hüquqları hesabına qurula bilməz.
Təəssüf doğuran məqam isə Rusiyanın daxilindəki müəyyən siyasi, ekspert və media dairələrinin zaman-zaman Azərbaycana qarşı qərəzli kampaniyalar aparmasıdır. Ayrı-ayrı televiziya kanallarında, informasiya platformalarında və ekspert çıxışlarında Azərbaycanın regional siyasətinin təhrif edilməsi, ölkəmizin müstəqil qərarlarının Rusiyaya qarşı addım kimi təqdim olunması ikitərəfli münasibətlərin ruhuna uyğun deyil. Belə mövqelər cəmiyyətlər arasında süni etimadsızlıq yaradır və dövlətlərarası əməkdaşlığın inkişafına xidmət etmir.
Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan heç vaxt Rusiya əleyhinə platformanın iştirakçısı olmayıb. Bakı balanslaşdırılmış xarici siyasət yürüdərək həm Rusiya, həm Türkiyə, həm Qərb dövlətləri, həm də digər tərəfdaşlarla milli maraqlar əsasında əməkdaşlıq edir. Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə əlaqələrinin inkişafı Rusiyaya qarşı istiqamətlənmədiyi kimi, Rusiya ilə münasibətlərinin genişlənməsi də başqa dövlətlərə qarşı siyasi seçim sayıla bilməz. Azərbaycanın müstəqil xarici siyasətini “ya bizimlə, ya bizə qarşı” məntiqi ilə qiymətləndirmək köhnəlmiş geosiyasi yanaşmadır.
Rusiyanın bəzi dairələrinin Azərbaycanı təzyiq və ittiham ritorikası ilə müəyyən xəttə yönəltməyə çalışması əks nəticə verə bilər. Azərbaycanla münasibətləri qorumağın yolu ölkəmizin suverenliyinə, regional maraqlarına və siyasi seçiminə hörmət etməkdən keçir. Qarşılıqlı münasibətlərdə tərəfdaşlıq iddiası varsa, bu, təkcə bəyanatlarda deyil, informasiya siyasətində və praktik davranışlarda da özünü göstərməlidir. Dövlət səviyyəsində verilən müsbət mesajların ardınca ayrı-ayrı dairələrin qarayaxma kampaniyası aparması münasibətlərdə ziddiyyətli mənzərə formalaşdırır.
Bakı-Moskva münasibətlərinin qarşısında geniş inkişaf imkanları mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizi, regional tranzit imkanları, qarşılıqlı ticarətin artırılması və humanitar əlaqələrin genişləndirilməsi hər iki ölkəyə real fayda verə bilər. Lakin bu potensialın reallaşdırılması üçün siyasi etimad əsas şərtdir. Etimad isə yalnız yüksək səviyyəli görüşlərlə deyil, qarşı tərəfin maraqlarına və həssas məsələlərinə hörmət göstərilməsi ilə möhkəmlənir.
Ceyhun Bayramovun Moskva səfəri Azərbaycanın münasibətləri qorumaq, mövcud problemləri açıq müzakirə etmək və əməkdaşlığı konstruktiv istiqamətdə davam etdirmək niyyətinin ifadəsidir. İndi eyni məsuliyyətli yanaşmanın Rusiya tərəfindən də nümayiş etdirilməsi vacibdir. Moskva Azərbaycanla münasibətlərə həqiqətən strateji əhəmiyyət verirsə, ölkəmizə qarşı qərəzli çıxışların, informasiya təxribatlarının və siyasi qarayaxma kampaniyalarının münasibətlərə vurduğu zərəri nəzərə almalıdır.
Azərbaycan Rusiya ilə normal, sabit və qarşılıqlı faydalı münasibətlərin tərəfdarıdır. Ancaq bu münasibətlərin gələcəyi təkcə Bakının konstruktiv mövqeyindən asılı deyil. Tərəfdaşlıq qarşılıqlı olmalıdır. Azərbaycan əməkdaşlığa sadiqliyini konkret addımlarla göstərir və haqlı olaraq Rusiyadan da eyni münasibəti – suverenliyə hörmət, bərabərhüquqlu dialoq və dostluq ruhuna zidd kampaniyalara yol verilməməsini gözləyir.
Züriyə Qarayeva
Bakı 



