Bakının mərkəzində yaşayış binası illərdir ki, qəzalı vəziyyətdədir.
Bakıvaxtı.az xəbər verir ki, söhbət Səbail rayonu, Mikayıl Useynov küçəsi, 14 ünvanında yerləşən doqquzmərtəbəli binadan gedir.
Saytımızın əldə etdiyi məlumata görə, sakinlər illər əvvəl köçürülsə də, binanın söküntüsü aparılmır. Əməkdaşımız binada mənzillərin qapı-pəncərələrinini söküldüyünü, bəzi balkonların dağıdıldığnın şahidi olub.
Səbail Rayon İcra Hakimiyyətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti qurumun müvafiq rəyinə əsasən, Səbail rayonu, Mikayıl Useynov küçəsi (keçmiş Neftçilər prospekti) 14 ünvanında yerləşən yaşayış binası uzun illər təmirsiz istismar nəticəsində ciddi deformasiyalara məruz qaldığı və qəzalı vəziyyətdə olduğu müəyyən edilib:
“Binanın texniki vəziyyəti sakinlərin gələcək yaşayışı üçün təhlükə yaratdığından, müvafiq Sərəncama əsasən 2013-cü ildən etibarən sakinlərin köçürülməsi prosesi həyata keçirilir”.
O da vurğulanıb ki, hazırkı vaxtadək binada yaşayan sakinlərin əksəriyyətinin kompensasiya ödənilməklə köçürülməsi təmin edilib, sözügedən binada qalan digər sakinlərlə müvafiq qaydada danışıqlar davam etdirilir və prosesin qanunvericiliyə uyğun şəkildə yekunlaşdırılması üçün zəruri tədbirlər görülür.
Zeynəb Rzayeva
Bakı 







