• Bakı 24° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Ət NİYƏ BAHALAŞIB?

İQTİSADİYYAT, CƏMİYYƏT

03 Sentyabr 2026 | 15:50

Ət NİYƏ BAHALAŞIB?

"Ət bazarında qiymət artımının əsas səbəbləri arasında saxlanılan heyvanların sayının azalması, ətə tələbatın yüksəlməsi və ucuz idxal imkanlarının məhdudlaşması dayanır".

Bunu iqtisadçı Xəlil KərimliBakıvaxtı.az-a ət bazarında müşahidə olunan qiymət artımının səbəblərindən danışarkən bildirib.

İqtisadçı qeyd edib ki, son 10 ilin statistikasına əsasən, saxlanılan heyvanların sayında təxminən 20 faiz azalma müşahidə olunur. Eyni zamanda, əhaliyə ət tələbatı təxminən 25 faiz artıb.

Onun sözlərinə görə, heyvandarlıqla əvvəlki səviyyədə məşğul olunmamasının bir sıra səbəbləri var. Boş otlaq sahələrinin azalması və heyvan saxlama xərclərinin artması ev təsərrüfatlarının bu sahədə rolunun azalmasına səbəb olub. İntensiv təsərrüfatlarda isə heyvanların saxlanma xərcləri daha yüksəkdir.

X.Kərimli bildirib ki, əvvəllər ət bazarında qiymət artımının qarşısını alan əsas amillərdən biri idxal olub. Lakin ucuz idxalın azalması bazarda yeni qiymət artımlarına səbəb olur.

“Əvvəllər ət bazarında Ukraynadan gələn ucuz ətlər rol alırdısa, Rusiya-Ukrayna müharibəsi də son illərdə ət bazarında qiymət bahalaşmasının əsas faktorlarından birinə çevrilib. Həm Rusiyada, həm Ukraynada ətin qiymətləri bahalaşıb, həm də logistika xərcləri əvvəlki səviyyədə deyil”, – deyə iqtisadçı vurğulayıb.

O əlavə edib ki, ucuz idxalın olmaması, idxalın bahalaşması, yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması və tələbatın yüksəlməsi ət qiymətlərinin artmasına səbəb olur. Onun fikrincə, bu amillər qiymət artımının yaxın gələcəkdə də davam edəcəyini göstərir.

İqtisadçı bahalaşmanın müəyyən müsbət tərəflərinin də olduğunu qeyd edib. Bildirib ki, qiymətlərin artması və sahənin rentabelli olması sahibkarların heyvandarlığa marağını artıra bilər.

X.Kərimli heyvanlar arasında yayılan xəstəliklərin də ət bazarına təsir etdiyini bildirib. Onun sözlərinə görə, xəstəliklərin yayılması bazara çıxarılan ət təklifini azaldaraq qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər. 

“Xəstəliklərin yayılması qiymət artırıcı faktor olmalıdır. Çünki xəstəlik səbəbindən heyvanların bazara çıxarılması mümkün olmur və bu da təklifin azalmasına gətirib çıxarır”, – deyə o əlavə edib. 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR