Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki şəkillərinin icazəsiz istifadə edildiyi iddia olunur.
Naməlum şəxs tələbələrin “TikTok” profillərindən götürülmüş fotoları saxta montajlarla hazırlayaraq platformada yayımlayıb. Zərərçəkənlər məsələ ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.
İddialara görə, həmin şəxs görüntülərin silinməsi müqabilində pul tələb edib. Səs yazısına əsasən onun yaşı təxminən 20-25 aralığında göstərilir.
İddialara görə, tələbələr videoların silinməsi üçün pul təklif etdikdə, naməlum şəxs bildirib ki, bunu maliyyə məqsədilə etməyib. Ehtimal edilir ki, əvvəllər özü Hüquq fakültəsinə qəbul olmaq istəsə də, balı çatmayıb və məhz buna görə hüquq tələbələrinə qarşı qərəzli davranıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı Modern.az-ın sorğusuna cavab verən Bakı Dövlət Universitetindən bildirilib ki, məsələ ilə əlaqədar tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, bununla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Bakı 




