Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması ilə bağlı sürücülərə və daşıyıcı şirkətlərə müraciət edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, müraciətdə qeyd olunur ki, son günlər yük avtomobillərinin aşması, toqquşması və digər qəzalar tez-tez müşahidə edilir. Bu qəza hallarının ağır fəsadlara səbəb olduğu, onların isə əsasən sürücülərin istirahət rejiminə əməl etmədən, yorğun və yuxusuz halda sükan arxasına keçməsi, avtomobilin texniki cəhətdən nasaz olması, yükün düzgün yerləşdirilməməsi, sürət həddinin aşılması, kəskin manevrlər və diqqəti yayındıran hərəkətlərə aludəlik kimi məsuliyyətsiz davranışlardan qaynaqlandığı bildirilib.
Qurum mövsümlə əlaqədar olaraq isti hava şəraitinin yol hərəkətinə əlavə çətinliklər yaratdığını da xatırladaraq, sürücüləri və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxsləri daha diqqətli olmağa çağırıb.
BDYPİ vətəndaşlara müraciətində xüsusilə vurğulayıb:
“Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün deyil, onun yaxınlarının və bütövlükdə cəmiyyətin həyatına təhlükə yarada bilər!”