• Bakı 27° C

    9.52 m/s

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında-Türk-Azərbaycandilli yazılarda

CƏMİYYƏT

22 Avqust 2025 | 09:39

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında-Türk-Azərbaycandilli yazılarda

Səkkizinci  yazı      

Kənd həyatından bəhs edən yazılar -1980-ci illərin əhatəsi

İkinci hissə

XX əsrin 80-ci illərinin ikinci yarısı ölkədə başlamış “Yenidənqurma” dövrünü əhatə edirdi. Arçut gəncləri əsasən yeni təsərrüfat quruculuğunun aktiv üzvləri idilər. Fərdi həyətyanı təsərrüfatın inkişafı kənd camaatına xeyli gəlir gətirmişdi. Sakinlər bu gəlirlər hesabına kənddə yeni-yeni müasir evlər tikməyə başlamışdılar.

Əhalinin artması yeni həyət sahələrinin, təsərrüfatların və evlərin tikilməsini zəruri edirdi.  Eləcə də gənclərin başqa yerlərə axını, miqrasiyası prosesləri də yaşanırdı. “Yeni həyat şəraiti” yaratmaq və başqa məkanlarda yeni həyatı axtarmaq o dövr gəncliyinin əsas amalı idi. Gənclərin müxtəlif kənd təsərrüfatı və sənaye peşələrinə yiyələnmələri mühüm şərtə çevrilmişdi.  Kənd həyatının texnikalaşdırılması, əməyin mexanikləşdirilməsi, kənddə infrastrukturun qurulması əsas hədəflərdən, məqsədlərdən sayılırdı Rəhbərlik də  işə yeni metodla yanaşırdı. Kənd haqqında, onun nailiyyətləri barədə o dövrün azərbaycandilli əsas mərkəzi orqanı olan  “Sovet Ermənistanı” qəzetində kənd həyatını əhatə edən böyük həcmli məqalələr dərc etdirirdilər. Kəndi bölgədə daha da yaxşı adla tanıtdırmaq hədəfə çevrilirdi.

1988-ci ilin noyabr ayının sonlarında məlum münaqişə ilə əlaqədar olaraq, azərbaycan dilində nəşr olunan “Sovet Ermənistanı” qəzeti də öz fəaliyyətini  dayandırmaq məcburiyyəti ilə üzləşdi.

Qəzetin 15 may 1986-cı il tarixli, N 63 (11891) sayında, Şura Dilbazovun imzası ilə, “Gənc çoban” başlıqlı məqalədə yazılırdı: “Məhəbbət Xəlilovun işə başladığı ilk gündən üç il keçir. Bu qısa müddətdə o, öz bacarığı və əməksevərliyi ilə hamının hörmətini qazanmışdır. Ötən il gənc çoban öhdəsində olan sürünü gümrah bəsləmiş, hər qoyundan planda nəzərdə tutulduğundan 300 qram çox yun qırxmağa nail olmuşdur. Komsomolçu çoban cari ilə daha uğurla başlamışdır. O, bəslədiyi 392 baş ana qoyundan  eyni sayda sağlam və gümrah quzu almışdır. Bu rəqəm təsərrüfatda ən yüksək göstəricilərdəndir. Məhəbbətin bəslədiyi qoyunlar öz gümarhlığı ilə də diqqəti cəlb edir. Bu il o, hər qoyundan əlavə olaraq 500 qram yun qırxmağı vəd etmişdir. Gənc çoban təcrübəli peşə sahiblərinin yaxın dostudur. O, tez-tez qabaqcıl çobanların yanında olur, yeni təcrübəni öyrənmək üçün böyük səy göstərir. M.Xəlilov həm də fəal ictimaiyyətçidir, kənd Sovetinin deputatıdır. Xalq elçisi kimi də onun barəsində razılıqla söhbət açırlar. El tərifi, el qiyməti gənc çobanı daha böyük ruh yüksəkliyi və həvəslə işləməyə səsləyir”.

Qəzetin 22 iyul 1986-cı il tarixli, N 91 sayında, Şura Dilbazovun imzası ilə dərc olunan,  “Oxucu məktublarından sətirlər. Uğurlu nəticələr”,  başlıqlı məqalədə göstərilirdi: “Quqark rayonunun heyvandarları Sov.İKP XXVII qurultayının qərarlarını ləyaqətlə həyata keçirirlər. Beşilliyin ilk ilinin altı aylıq planlarına vaxtından xeyli qabaq-dörd ay yarımda əməl olunmuşldur. Həmin vaxt ərzində dövlətə nəzərdə tutulmuş 6500 sentner əvəzinə 7678 sentner ət təhvil verilmişdir. Debed, Darbas, Dzoragyuğ, Arcut, Bazum təsərrüfatlarının ferma əməkçiləri sosializm yarışında daha çox fərqlənirlər”. 

Qəzetin  12 iyun 1986-cı il tarixli, N74 (11902) sayında, Ş.Dilbazovun imzası ilə dərc olunan, “Məzunlarla görüş” başlıqlı kiçik bir yazıda qeyd olunurdu: “Arçut kənd orta məktəbində məzunlarla görüş keçirilmişdir. Məktəb ilk partiya təşkilatının katibi R.Süleymanov çıxış etmişdir. O, məzunlara tövsiyələr etmişdir. Məzunlardan A.Qazıyev, M.Yusifov, İ. Əliyev, A.Məmmədov, B. Osmanov, R.Binnətov keçmiş müəllimlərinə razılıq bildirmiş, ali məktəb həyatından maraqlı söhbətlər açmışlar. Görüş xoş təsir bağışlamışdır”. 

Qəzetin 4 oktyabr 1986-cı il tarixli, N122 (11950) sayında, Ramiz Məşədiyevin imzası ilə dərc olunan, “Əziz müəllimlər! Məsləhətçi valideyn” başlıqlı məqalədə Arçut kənd orta məktəbindən qeydlər yer almışdı. Məqalədə yazılırdı: “Kimya müəllimi Məmməd Çəltikov Quqark rayonundakı M.F.Axundov adına Arcut kənd orta məktəbində işləyir. Direktorun tədris işləri üzrə müavini Qədim İbrahimov belə deyir:- Məmməd müəllim işgüzardır. O, pedaqoji sahədə gözəl  müvəffəqiyyətlər əldə etmişdir. Öz bilik dairəsini daim artırır. Dərsdə şagirdlər müəllimi dəqiq və heyranlıqla dinləyirlər. O, fənnini sevdirməyi bacarır. Məmməd müəllim sadədir, təvazökardır və buna görə də kollektivin hörmətini qazanmışdır. 15  ildir ki, məktəbdə gənc nəslə möcüzələrlə dolu kimyanı öyrədir. Azərbaycan Dövlət Universitetinin qurtaran kimi kəndə qayıtmışdır. Məktəb islahatının üçüncü ilidir. İslahatın tələblərinin yerinə yetirilməsi hər bir müəllimin daha yaxşı işləməsindən asılıdıır. Məmməd müəllimi ikiilliksiz işləyir. Yeni dərs ilinin ilk günlərindən başlayaraq onun dərs dediyi siniflərdə bir nəfər də olsun şagird dərsdən yayınmamışdır. Bu, müəllimə və fənnə rəğbətin nəticəsidir. Müəllim VII-X siniflərdə dərsləri müasir avadanlıqla təchiz olunmuş laboratoriya şəraitində aparır. Uşaqlar təcrübəyə böyük maraq göstərirlər. Onun şagirdlərinin əksəriyyəti ali məktəbdə kimya ilə bağlı fakultələrə meyl edirlər. Onun şagirdi İsfəndiyar İsgəndərov aspirantdır. Vahid elmi-tədqiqat institutunda çalışır. Tamella, İlham mühəndisdirlər. Rəşid kimya-biologiya müəllimidir. İnstitutlardan çoxlu şagirdlər məktubu gəlir. Məmməd müəllim bu məktubları oxuduqca fərəhlənir. Məmməd müəllim valideynlərlə sıx əlaqə saxlayır. Onları müntəzəm məktəbə dəvət edir, işgüzar söhbətlər aparır. Özü də valideyn kimi uşaqlarının yaxşı oxuması üçün səy göstərir. Keçən dərs ilində Məmməd müəllim pedaqoji sahədə əldə etdiyi sevindirici nəticələrə görə “Baş müəllim” yüksək adına layiq görülmüşdür”.

Qəzetin 11 dekabr 1986-cı il tarixli, N149 (11977) sayında, Ramiz Məşədiyevin imzası ilə, “Ənənə davam edir” başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “Quqark rayonundakı Arcud heyvandarlıq sovxozunun zəhmət adamları neçə ildir ki, öz sözlərinə sadiq qalırlar, verdikləri vədi ləyaqətlə yerinə yetirir, qabaqcıllıq ənənəsini davam etdirirlər. Xeyli vaxtdır ki, burada mal-qara axur şəraitində bəslənilir. Qışa isə yaxşı hazırlıq görülümüşdür. Kifayət qədər yem ehtiyatı yaradılmış, binalar təmir edilmiş və ağardılmışdır. Heyvandarlar qarşılarında duran tapşırıqları da ləyaqətlə yerinə yetitirlər. Üçüncü kvartalda ət, süd satışına dair tapşırıqlar artıqlaması ilə ödənilmişdir. Dövlətə nəzərdə tutulandan xeyli çox məhsul satılmışdır. Müvəffəqiyyətin qazanılmasında qabaqcılların əməyi çoxdur. Heyvandarlardan Xanım və Urza Alıyevalar, Gülnaz Qasımova, Elmira Nəsibova,  Kərim, Qurban, Həbib Binnətovlar, Bayram Əhmədov, Murtuz Xəlilov və başqaları qışlamanın indiki çağında zərbəçi surətlə işləyir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Onların birgə əməyi sayəsində dövlətə təhvil verilən ətlik malların hər birinin orta diri çəkisi 352 kiloqram təşkil etmişdir. Bu isə rayon miqyasında yüksək göstəricidir. Sovxozun çobanları da bu il yaxşı nailiyyətlər əldə etmişlər. Onlar hər qoyundan 2.1 kiloqram əvəzinə, 2.5 kiloqram yun qırxmış və dövlətə yun satışına dair tapşırığa 111.9 faiz əməl etmişlər. Çobanlardan Cahandar və Cavanşir Xəlilovlar, Mürsəl Alıyev bəslədikləri sürüdən daha çox quzu götürmək amalı ilə işləyirlər.

Qəzetin 23 dekabr  1986-cı il tarixli, N154 (11982) sayında, Şura Dilbazovun imzası ilə, “Heyvandarlar əmək növbəsində” başlıqlı məqalədə yazılırdı: “Quqark. Arcud sovxozunun qoyunçuluq fermalarında 1400 baş qoyun-quzuya qulluq edirlər. Arçudlu çobanlar həmişəki  kimi bu il də planları xeyli artıqlaması ilə yerinə yetirmişlər. Onlar hər 100 ana qoyundan 82 əvəzinə 94 baş quzu götürmüşlər.  Dövlətə planla nəzərdə tutulan 17 sentner əvəzinə 18.7 sentner yun satmış, hər qoyundan nəzərdə tutulan 2.1 əvəzinə 2.5 kiloqram yun qırmışlar. İmdad İsmayılovun rəhbərlik etdiyi fermanın çobanları Məhəbbət Xəlilov, İbrahim İbrahimov, Hüsən Alıyev indiki günlərdə daha səylə işləyirlər”.

“Sovet Ermənistanı” qəzeti 27 dekabr 1986-cı il tarixli, N156 (11984) sayında,  A.Rəhimovun imzası ilə Arçut haqqında, “Bayraqdarlar. Dağ kəndinin vüqarı”,  başlıqlı  irihəcmli məqalə dərc etmişdi.   Məqalədə yazılırdı: “ “Todar dağı”, “İsənin yalı”, “Dəli dağ”, “Kürd arxacı” adlanan alçaqlı-ucalı dağlara söykənmiş bir kənd haqqında, onun dağ vüqarlı zəhmət adamları barədə söhbət açmaq istəyirik. Bağ-bağat içinə qərq olmuş bu kənd ana təbiətin əsrarəngiz füsunkarlığına yeni bir gözəllik bəxş edib. Yarandığı gündənmi, yoxsa, sonralarmı ona Arcud adı veriblər. Əsrlərin, qərinələrin şahidi olan bu kənd heç də birdən-birə indiki görkəminə düşməyib. Onun da hisli-paslı günləri, ağır-ağır güzəranı, əzilən incələn  taleyi, varlığı, mövcudluğu uğrunda mübarizə apardığı anları az olmayıbdır. Oktyabrın həyat bəxş edən şüaları Lori-Pəmbək dağlarını da öz şəfəqlərinə qərq edəndə, bir çox kəndlər kimi, Arcud da ağ günə qədəm qoydu. Gələcəyə inamla baxdı, sabahın qayğıları ilə yaşamağa, yaratmağa can atdı. Elə o vaxtdan da azad əməyin tükənməz qüdrəti öz barını-bəhrəsini səxavətlə verməyə başladı. Arcudda  kolxoz quruldu. Birgə qüvvə ilə, elliliklə əməyin qulpundan möhkəm tutuldu. Atalar demişkən, “el gücü, sel gücünə çevrildi”. Ötən hər il kəndə yeni bir töhfə bəxş etdi. Yeni iz qoydu. Zəhmət adamlarınınn güzəranı getdikcə yaxşılaşdı. Yeni həyat, yeni quruluş  kənd məişətini kökündən dəyişdirdi. Hər yenilik bayram əhavl-ruhiyyəsi ilə qarşılandı. Möcüzələr yaradan texnika, gecələri gündüzə çevirən İliç lampaları özü ilə qucaq-qucaq sevinc gətirdi. İndi də həmin günlərin şahidləri kənddə baş verən bu əlamətdar hadisələrdən maraqla danışır, şirin-şirin xatirələr söyləyirlər. Arcud kiçik kənddir. Necə deyərlər, böyük dəryada bir damla qədərdir. Dərya çalxalandıqca bu damlalar heç də sakitcə durub qalmır. Bu kəndin nəbzi həmişə böyük Vətənimizin nəblzi ilə həmahəng vurmuşdur. 40-cı illərdə faşistlərin ölkəmizə xaincəsinə basqını ilə əlaqədar olaraq, Arcudun da qayğıları birə beş artdı. Onun yüzdən çox cəsur oğlu Vətənin müdafiəsinə yola düşdü. Onlardan neçə -neçə nəfəri bugünkü səadət, xoş güzəran üçün, bügünkü əmin-amanlıq üçün öz həyatlarını qurban verdilər. Qələbə ilə, orden və medallarla doğma kəndə qayıdanlar da az olmadı. Müharibənin ilk günlərində Arcudda da, bu arxa cəbhədə də fəadkarlıq göstərən, oğul və nəvələrin, ata və qardaşların əvəzində gecə-gündüz tarla və fermalarda çalışan əmək fədailəri Vətənin müdafiə qüdrətinin artırılması, qələbənin təmin edilməsi üçün əllərindən gələni əsirgəmədilər. Dağ vüqarlı, polad biləkli, mayası zəhmətdən yoğrulmuş Arcud əməkçisi  partiya və hökumətimizin irəli sürdüyü vəzifələri can-başla yetirdi. Halal zəhməti ilə zirvə ardınca yen-yeni zirvələr fəth etdi. Əlbəttə, Arcud təsərrüfatında nöqsanlar da, çatışmayan cəhətlər də, rəhbərlikdə zəiflik də az olmadı. Lakin, zaman keçdikcə bütün bunların hamısı tədricən aradan qaldırıldı. İndiki Arcud sovxozu itisadiyyatca möhkəmləndi. Kənd öz simasını dəyişdirdi. Adamların səmərəli işi və mənalı istirahəti üçün daha münasib şərait yaradıldı. Budur, yenidən Arcuddayıq. İki mərtəbəli, aynabəndli kənd evləri ilk baxışdanca adamın diqqətini cəlb edir. Orta məktəb, məişət evi, mağazalar, inzibati binlar, habelə Kamo adına Kirovakan Tikiş İstehsalat Birliyinin filialı kəndin axar-baxarlığını daha da artırmışdır. Yalnız tikiş filialında 200-dən çox arcudlu qız-gəlin çalışır. 15-ə yaxın çeşiddə məhsul istehsal edir. Arcutlu gənclərin məişəti şəhər məişətindən heç də geri qalmır. Səmərəli gərgin əməkdən sonra zəhmət adamı mavi ekrana baxır, radio dinləyir, telefonla bir-birinə zəng vurur, hal-əhval tuturlar. Elektrik məişət cihazları evdar qadınların istifadə etdikləri adi alətə çevrilib. Neçə-neçə həyətdə minik maşınları dayanıb. Məişət evində əməkçilərə bir çox xidmət növü göstərilir. Arcud orta məktəbi öz yetirmələri ilə yaxşı şöhrət qazanıb.  Onun siniflərində ilk təhsil və tərbiyə alan şagirdlərin sorağı bu gün ölkəmizin müxtəlif guşələrindən gəlir. Neçə-neçə elm və mədəniyyət xadimi, partiya və sovet işçisi bu məktəbi yetirməsi olmuşdur. Müəllim və şagirdlərin təşəbbüs və səyi ilə məktəbdə şöhrət guşəsi yaradılmış,  Böyük Vətən müharibəsində iştirak edən arcudluların göstərdiyi qəhrəmanlıqlar gənc nəslə ehtiramla çatdırılır. Burada eyni zamanda qədim məişət alətlərinin muzeyi də təşkil olunmuşdur. Nümayiş etdirilən hər nadir əşya böyük maraq doğurur, baba və nənələrin məişətindən indiki nəslə təsirli məlumatlar verir. Müasir tipli heyvandarlıq binaları kəndin bir tərəfində sıra ilə düzülmüşdür. Elə bu ilin payızında 200 baş inək tutan yeni kompleks də onların sırasına daxil olmuşdur. İri maşın traktor parkı yaradılmışdır. Texnika və avadanlıqlar xüsusi qayğı ilə saxlanılır. Kənd rəhbərləri ilə söhbətdən aydın olur ki, qarşıdakı illərdə Arcudda görüləsi işlər də çoxdur. Axı, bu günkü kifayətlənmək olmaz. Zaman irəlilədikcə öz tələblərini, öz problemlərini də meydana çıxarır.. Bu beşillikdə Arcudda 300 yerlik müasir tipli mədəniyyət evi tikiləcək, kəndi iki yerə bölən çayın üstündən 396 min manat dəyərində körpü salınacaq, 286 min manat dəyərində su nasosu quraşdırılacaq, kəndə qaz kəməri çəkiləcək, uşaq bağçası, universal mağaza inşa ediləcəkdir. Göründüyü kimi bu dağ kəndinin inkişafı üçün geniş proqram vardır. Bəs vəsait? Atalar yaxşı demişlər: “varlığa nə darlıq”. Bəri başdan deyək ki, bu obyektlərin bir çoxunun vəsaiti sovxozun gəlirləri hesabına ödəniləcəkdir”.

Məqalənin “Bayraqlar kolleksiyası” adlanan hissəsində isə yazılrıdı: “70-ci illərdə Arcud sovxozunda vəziyyət heç də qənaətbəxş deyildi. Gerilik, ətalət özünə möhkəm yer tutmuşdu. Sovxoz rəhbərləri tez-tez dəyişdirilirdi. Lakin lazımi nəticə əldə edilmirdi. Təsərrüfat itisadi cəhətdən zəifləmiş, heyvandarlıqda, əkinçilikdə məhsuldarlıq qat-qat aşağı düşmüşdü. Adamlar doğma kəndi tərk edirdilər. Gənclər işdən boyun qaçırırdılar. Belə bir vəziyyəti nəzərə alan Quqark Rayon Partiya Komitəsi daha bir təşkilati tədbir gördü. Ali təhsilli kənd təsərrüfat mütəxəssisi, baş zootexnik Məhəmməd Bayramovu sovxoza direktor təyin etdi. İndi o vaxtdan 6 il keçmişdir. Altı ildə altı zirvə fəth edilmişdir. Bu zirvələrin hər biri növbəti zirvədən yüksək olmuş, qarşıdakı zirvə üçün möhkəm bünövrə yaratmışdır. 1980-ci ilə qədər ziyanla işləyən, rayonun ən geridə qalan, daim tənqid hədəfinə çevrilən bu təsərrüfat düzgün seçilmiş iş bilən adamlarla, xüsusilə əməkçilərlə işləməyi bacaran, kollektivin qüvvəsini qarşıda duran vəzifələr uğrunda müvəffəqiyyətlə səfərbərliyə alan, həmyerlilərinin əsl tərbiyəçisinə çevrilən sovxoz direktorunun sayəsində geriliyə son qoyulmuş, elə birinci ildən başlayan uğurlar ardınca uğurlar qazanılmış, hər ötən il mənfəətlə, özü də gözəçarpan dərəcədə xeyirlə başa vurulmuşdur. 1980-ci ilə qədər burada hər inəkdən cəmi 1000-1200 kiloqram süd sağılırdısa, indi bu göstərici 2000-2200 kiloqrama çatdırılmlışdır. Dövlətə təhvil verilən hər baş qaramalın diri çəkisi 180-200 kiloqramı keçmirdisə, hazırda bu 350 kiloqramı ötüb. Əkinçilikdə də, heyvandarlıqda da keçən beşillik ərizndə parlaq müvəfəqqiyyətlər qazanılıb. Hər iki sahədə istehsal olunan məhsulların həcmi qat-qat artıb. Bunun da sayəsində dövlətə təhvil verilən kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi çoxalıb. Onların sırasına yeni məhsul növləri əlavə olunub. Dağ kəndində 20 hektar bağ salınıb. Ondan götürülən gəlir sovxozun iqtisadiyatını daha da möhkəmləndirib. Yalnız bu il dövlətə meyvə satışı planına 200 faiz əməl edilib. Belə uğurları, belə nailiyyətləri istənilən qədər sadalamaq olar. Keçən beşillikdə sovxoz bol məsul uğrunda, dövlət planlarının və qəbul edilmiş sosialist öhdəliklərinin vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilməsi uğrunda genişlənən sosializm yarışının ön cərgəsində inamla addımlamış, 14 dəfə bu yarışın qalibi tanınmış  və Quqark Rayon Partiya Komitgəsinin, rayon Soveti  icraiyyə komitəsinin keçici Qırmızı bayrağına layiq görülmüşdür. Hər bir bayraq sovxoz əməkçilərini daha da ruhlandırmış, onları yeni zirvələr sorağı ilə yaşayıb –yaratmağa, qayğıya fədakar əməklə cavab verməyə vadar etmişdir. Budur, on ikinci beşilliyin ilk ili başa çatır. Partiyamızın XXVII qurultayının tarixi qərarlarını işdə rəhbər tutan sovxoz əməkçiləri yeni ili alnıaçıq, üzüağ qarşılayırlar. Arcud əkinçisi, Arcud heyvandarı dövlətə məhsul satışına dair illik planı on ayda artıqlaması ilə yerinə yetirmişdir. Hər inəkdən keçən ilin müvafiq dövrünə nisbətən 34 kiloqram çox süd sağılmışdır. Dövlətə təhvil verilən cöngələrin diri çəkisi 350 kiloqram təşkil etmişdir. Bu da rayonun orta göstəricisindən 70 kiloqram çoxdur. İl ərzində 100 qoyundan 82  əvəzinə 85 baş buzov götürülmüş, hər qoyundan 2.1 kiloqram qırxılmışdır. Fərəhlidir ki, istehsal olunan məhsulların maya dəyəri də ildən-ilə aşağı salınmışdır. Bunun da sayəsində mənfəət getdikcə artmışdır. Əgər 1981- ildə mənfəət 64 min manat olmuşdursa, sonrakı illərdə bu  150-160 min manata çatdırılmışdır. İlkin hesablamalar göstərir ki, sovxoz cari ilin planla nəzərdə tutulan 83 min manat əvəzinə 131 min manat gəlirlə başa vuracaqdır. Kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərinin də artırılması ümumi nailiyyətə təkan vermişdir. Elə bu ilin keçən aylarında dövlətə satılan südün 92 faizi birinci növ kimi qəbul edilmişdir. Ətliyə verilən qaramalın, qoyunların əksəriyyəti ortadan yüksək köklükdə olmuşdur. Müvəffəqiyyətlərin sirri ilə maraqlandıq. Aydın oldu ki, burada torpağa doğma münasibət göstərilir. Onun hər qarışından yüksək məhsul götürmək üçün elmin, qabaqcıl təcrübənin nailiyyətlərindən, əməyin təşkilində mütərəqqi metodlardan bacarıqla istifadə edilir. Növbəli əkin sistemi tətbiq olunur. Yem istehsalına xüsusi qayğı göstərilir. Bu da əkinçiliyin və heyvandarlığın intensiv inkişafı üçün möhkəm zəmin yaradır. Yem tədarükü, heyvandarlığın mühüm sahələri, habelə bağçılıq podrat briqadalara və manqalara təhkim edilmişdir. Hər kəs nə uğrunda mübarizə apardığını gözəl bilir. Briqadanın, manqanın, bütövlükdə kəndin şan-şöhrəti yüksək tutulur. Sovxoz müdiriyyəti, partiya və komsomol təşkilatı maddi maraq və həvəsləndirmə tədbirlərini bacarıqla tətbiq edirlər. Sosializm yarışının əsas məqsədini bol məhsul uğrunda genişlənən mübarizəyə yönəldirlər. Əmək intizamının möhkəmləndirilməsi, hər bir kollektivdə sağlam, işgüzar mühitin yaradılması, işdə obyektivlik və digər amillər də ümumi nailiyyətlərin qazanılmasına səbəb olmuşdur”.

Məqalənin “Ata yolu” adlanan hissəsində yazılırdı: “Sovxozun direktoru Məhəmməd Bayramovla görüşüb söhbət etdik. Onun keçdiyi həyat yolları, uğurları, çətinlikləri, qarşıda duran vəzifələri barədə maraqlandıq. Neçə-neçə suallarla ona müraciət etdik. Həyatında fövqəladə hadisələr axtardıq. Amma heç bir fövqəladə hadisəyə rast gəlmədik. Cəhdimiz, səyimiz də əbəs getmədi.Tapıntımız da oldu. Xatirələrə, dastanlara çevrilən, yeni həyat uğrunda 30-cu illərdə kənddə aparılan mübarizə göz önündə canlandı. Arcudun o çətin illərində həmkəndlərini öz arxasınca yeni quruluş uğrunda mübarizə meydanına aparan fədailərdən biri də Məhəmmədin atası Hüseyn Bayramov olmuşdur. O, 1928-ci ildə Kommunist Partiyaları sıralarına qəbul olunmuş, kənddə kolxoz quruluşunun təşkilatçılarından birinə çevrilmiş, onun ilk sədri kimi fəaliyyət göstərmiş,  kolxozun təşkili naminə əlindən gələni əsirgəməmişdir. Neçə-neçə dəfə qolçomaqların, sosializm düşmənlərinin hədə-qorxusuna məruz qalmış, lakin əqidəsində, seçdiyi yolda möhkəm dayanmışdır. İndi də onu, həmkəndliləri, yaşıdları hörmətlə yad edirlər. “El hörmətini qazanmaq isə hər adama nəsib olmur”. Atasının bu sözü Məhəmmədin qəlbinə elə bil həkk olunmuşdur. O, həyata atıldığı gündən ata nəsihətinə sadiq qalmışdır. O dövrün qəhrəmanlıqlarla dolu hadisələri xatirələrə dönmüşdür. Arcud da ətrafa qol-qanad gərmiş, böyümüşdür. Bəli, el gözü tərəzidir, demişlər. Məhəmməd ilk gündəncə ona olan etimadı doğrultdu. Kənd fəallarına, zəhmət adamlarına arxalandı. Gənclərlə, təsərrüfatı tərk edib kənar yerlərə işləməyə gedənlərlə işgüzar söhbət etdi. Onları doğma təsərrüfata qaytarmağa nail oldu. Yeni direktorun hər bir tədbiri, təşəbbüsü  öz  səmərəsini  verməyə başladı.  Əmək intizamı möhkəmləndirildi. Gənclər, bacarıqlı mütəxəssislər istehsalın əsas və həlledici sahələrinə rəhbər vəzifələrə irəli çəkildilər. Məhəmməd gənc deyildir. O, ömrünün yetkinlik dövrünə 56-cı ilinə qədəm qoymuşdur. Yaşadığı hər il onu bir mütəxəssis kimi, təsərrüfat rəhbəri kimi püxtələşdirmişdir. İşlədiyi bütün sahələrdə kollektivin dərin hörmətini qazanmışdır. Yerevan kənd təsərrüfatı texnikumunun baytarlıq fakultəsini bitirən Məhəmməd 50-ci illərin əvvəllərində Basarkeçər rayonunun Zod kəndinə təyinat almış, burada sahə baytar həkimi kimi fəaliyyət göstərmiş, fəal ictimaiyyətçi olmuşdur.  Elə burada da onu partiya sıralarına namizəd qəbul etmişlər. Az sonra ordu sıralarına getmiş  və Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmiş, elə orduda da namizədlik biletini partiya bileti ilə əvəz etmişdir. Məhəmməd ordudan qayıtdıqdan sonra pedaqoji fəaliyyətə keçmişdir. Hallavar və Arcud kənd orta məktəblərində istehsalat təlimi üzrə direktor müavini işləmiş, şagirdlərin tərbiyəçisinə, gənclərin məsləhətçisinə çevrilmişdir. Əməyə məhəbbət ruhunda gənc nəsli tərbiyə edən Məhəmməd özünü də zəhmət deyilən ədalətli hakimin ixtiyarına vermişdir. Lakin o, orta ixtias təhsili ilə kifayətlənməmiş, ali təhsil almağa səy göstərmiş və nəhayət istəyinə nail olmuşdur. 1968-ci ildə Kurqan Kənd Təsərüfatı İnstitutunun zootexnika fakultəsinə qəbul olmuş və 1972-ci ildə onu müvəffəqiyyətlə bitirmişdir. Sonrakı illərdə Məhəmmədə  daha məsul vəzifələr tapşırılmışdır. Arcud sovxozunda baş zootexnik vəzifəsində işləmiş, elə burada da onun rəhbər işçiyə xas olan keyfiyyətləri rayonun əlaqədar təşkilatlarının diqqətini cəlb etmiş və ona belə bir yüksək vəzifə tapşırımışlar. Son beş ildə kənddə görülən böyük quruculuq işləri, təsərrüfatın irəliyə doğru nəhəng  addımları məhz onun adı ilə bağlıdır. Əmək ehtiyatlarından səmərəli istifadə edilməsi indi əsas vəzifələrdən birinə çevrilmişdir. Bu barədə sovxoz direktoru çox götür-qoy etmiş, əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmış  və nəhayət məqsədinə çatmışdır. Bu barədə o danışaraq dedi: - Kəndimizin xeyli əməkçisi ilin çox vaxtını evdə keçirir, faydalı iş görməkdə çətinlklərlə qarşılaşırdı. Bir hissəsi isə Spitak və Kirovakan şəhərlərinin sənaye müəssisələrində çalışırdı. İndi bu problem müvəffəqiyyətlə həll edilmişdir. Tikiş filialı yaradıldıqdan sonra çoxlu qız-gəlin buraya  işə cəlb edilmişdir. Filial öz gücünü  ildən-ilə artırır. Təəssüf ki, bəzi təsərrüfat rəhbərləri əmək ehtiyatlarının çatışmasından şikayətlənir, kənddə bu və ya digər sənaye müəssisəsinin yaradılmasına mane olurlar. Sovxoz direktorunun şəxsi təşəbbüsü  və səyi ilə mal-qaranın cinsi yaxşılaşdırılmış, körpə heyvanların intensiv qaydada kökəldilməsi bir növ sənaye bünövrəsinə keçirilmişdir. İndi burada cins damazlıq təsərrüfatının yaradılması üçün geniş həcmdə iş aparılır. Əminik ki, partiyamızın sürətləndirmə və yenidənqurma strategiyasının həyata keçirildiyi indiki dövrdə Arcud sovxozunun əməkçiləri, bu əməkçilərin rəğbətini qazanmış  sovxoz direktoru əldə edilən nailiyyətlərə kifayətlənməyəcək, daha yüksək zirvələr sorağı ilə yaşayıb yaradacaqlar”.

əqalənin “Kəndin mayakları” başlıqlı hissəsində yazılırdı: “Arcudda qabaqcıllar çoxdur. Onların hər biri ümumi nailiyyətə öz layiqli  töhfəsini verir, doğma kəndin adını daha yüksəklərə qaldırır. Bu qabaqcılların arasında mütəxəssis də, orta pillə kadrı da, sadə peşə sahibləri də az deyildir. Lakin onları bir amal, bir məqsəd birləşdirir. Hamı çalışır ki, zəhməti, əməyi hədər getməsin. Alın təri bahasına əldə edilən nailiyyətlər qat-qat artsın, çoxalsın. Lətif Hüseynov da belə qabaqcıllardan biridir. O, ali təhsilli zootexnikdir. Kirovabad Kənd Təsərrüfat İnstitutunu bitirmişdir. Lətif nəzəri biliklərini istehsalatda müvəffəqiyyətlə tətbiq edir. Heyvandarlığın daha da yüksəlişi, intensiv inkişafı üçün yollar axtarır. Onun rəhbərliyi sayəsində istər inəkçilik ferması, istərsə də qoyunçuluq ferması qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirir. O, bütün heyvandarların yaxın yoldaşı, məsləhətçisi olmuşdur. Kollektivdə böyük hörmət qazanmışdır. Cahandar Xəlilov 30 ilə yaxındır ki, sürü arxasındadır. Onun sinəsini neçə-neçə medal, fəxri nişan bəzəyir. Öz işini ürəkdən sevir. Hər il tapşırıqlarını artıqlaması ilə ödəyir. Yaxşı işi dəfələrə kolxoz müdiriyyəti tərəfindən mükafatlandırılmışdır. Şəkli şərəf lövhəsindən düşmür. Bu əmək veteranı yeni beşilliyin ilk ilində şəxsi göstəricilərini daha da artırmışdır. Yüz baş qoyundan 82 əvəzinə 92 baş quzu almışdır. Qışlamanın indiki çağında o, bəslədiyi sürünün keşiyində ayıq-sayıq dayanmışdır. Naxırçı Kərim Binnətov öz həmkarı Cahandardan heç də geridə qalmır. Sovxozun süd istehsalı sahəsində əldə etdiyi parlaq nailiyyətlərdə onun şəxsi əməyi az deyildir. Kərimə usta heyvandar adı verilmişdir. O, bu adı şərəflə doğruldur. Gənclərin hami tərbiyəçisidir. Arcudun pillə-pillə yüksəlişində briqadir Məmməd Məmmədovun da layiqli əməyi vardır. O, vaxtilə Arcud kolxozuna rəhbərlik etmiş, partiya təşkilatının katibi kimi vəzifələrdə çalışmışdır. Bu briqada neçə ildir ki, dalbadal kolxozda genişlənən yarışın qalibi tanınır. Məmməd Məmmədovun bu ilki nailiyyəti daha fərəhlidir. O, dövlət planına ikiqat artıqlaması ilə əməl etmişdir. Onun yarış dostu Şahvələd Alıyevin briqadası da qabaqcıllar cərgəsində özünə layiq yer tutmuşdur. Şahvələdin kollektivi yem çuğunduru, meyvə, ot, silos, senaj istehsalında parlaq nailiyyətlər qazanmışdır. Gülnaz Qasımova sağıcıdır. Rayon Sovetinin deputatıdır. Xalq elçiksi adını şərəflə doğruldur. O, indi 16 inəyə xidmət edir. İlin sonunadək bəslədiyi inəyin hərəsindən 2300 kiloqram süd sağmaq əzmindədir. Gülnaz tək deyildir. Onun rəfiqələri Ruza Alıyeva, Salatın Hümbətova və Xanım Alıyeva körpə heyvanların instensiv qaydada kökəldilməsi ilə məşğuldurlar. Məhz bu əmək fədailərinin səyi nəticəsində belə heyvanların diri çəkisi 350-400 kiloqrama çatdırılır. Hazırda onlar 100 başa yaxın körpə heyvan bəsləyirlər. Bizə dedilər ki, yanvarın əvvəllərində bu heyvanlardan bir qismi dövlətə təhvil veriləcək və bununla da 1987-ci ilin 9 ayı üçün nəzərdə tutulan ət tədarükü tapşırığı ödəniləcəkdir. Sovxozun qabaqcılları arasında sağıcılar Güllü Yusifovanın, Elmira Nəsibovanın, Zeynəb Xəlilovanın, Asya Xəlilovanın, Nazlı Əhmədovanın adları da özünə layiq yer tutmuşdur. Belə qabaqcıllara arxalanan təsərrüfat söz yox ki, yüksəliş yolları ilə inamla addımlayacaq, bayraqlar kolleksiyasını daha da zənginləşdirəcəkdir. Bu nəcib işdə ona uğurlar diləyirik”.

Qəzetin 24 yanvar 1987-ci il tarixli, N11 (11995) sayında, Şura Dilbazovun imzası ilə dərc olunan, “Yerlərdən xəbərlər. Quqark”, başlıqlı məqalədə yazılırdı: “Bu günlərdə Quqark rayon mədəniyyət evi nəzdində xalq çalğı alətləri ansamblının kollektivi Arcut kənd əməkçilərinin qonağı olmuşdur. Kənd mədəniyyət evində təşkil edilmiş bu görüşdə sovxozun direktoru Məhəmməd Bayramov rayondan gəlmiş qonaqlara təsərrüfatın nailiyyətlərindən, götürülmüş sosialist öhdəliklərindən, qabaqcıl əməkçilərin iş üsullarından danışmış, bu cür dostluq görüşlərinin tez-tez təşkil edilməsini arzulamışdır. Görüşdən sonra qonqalar geniş konsert proqramı ilə çıxış etmişlər. Səhnədə Azərbaycan və erməni xalq mahnıları səslənmişdir. İfaçıların çıxışları hərarətlə qarşılanmışdır”

Qəzet özünün 4 fevral 1988-ci il tarixli, N15 (12155) sayında, Şura Dillbazovun imzası ilə, “1. İlk uğurlar” başlıqlı məqalədə yazırdı: “Arcut sovxozunun heyvandarları on ikinci beşilliyin  üçüncü ilinə uğurla başlamışlar. Bu günlərdə onlar dövlətə 210 sentner yüksək keyfiyyətli ət satmışlar ki, bu birinci kvartalın tapşırıqlarından 100 sentner çoxdur. Ətliyə təhvil hər baş qaramalın orta diri çəkisi 370 kiloqram olmuşdur. Hazırda daha 120 baş cöngə intensiv üsulla kökəldilir. Maldarlar Salatın Hümbətova, Xanım və Roza Alıyevalar Ərzaq proqramının yerinə yetirilməsinə layiqli töhfələr daxil etmək, daha yüksək göstəricilərə nail olmaq  üçün bacarıqlarını əsirgəmirlər. Onlar kökəltdikləri hər baş qaramalın orta diri çəkisini 400 kiloqrama çatdırmaq əzmindədirlər”.

Qəzet yazırdı ki,  on ilə yaxındır ki, Quqark rayonundakı Arcut sovxozuna Məhəmməd Bayramov rəhbərlik edir. Onun ümdə təşkilatçılıq bacarığı, işgüzarlığı, ardıcıl səyi sayəsində təsərrüfat ildən ilə yüksələn inkişaf edir, adı həmişə qabaqcıllar sırasında çəkilir. Ötən illərdə olduğu kimi, cari təsərrüfat ilində də sovxoz əməkçiləri planla nəzərdə tutulan 720 ton əvəzinə 1500 ton ot toplamağı, dövlətə taxıl satışını ikiqat əlavəsilə yerinə yetirməyi, hər inəkdən 400 kiloqram çox süd sağmağı qət etmişlər. Bunun üçün hərtərəfli zəmin yaradılmışdır. Sovxozun heyvandarları illik ət və  yun istehsalı planlarını da vaxtından əvvəl və artıqlamasıilə ödəmək  üçün əllərindən gələni əsirgəmirlər. İndiyədək ətliyə verilən hər baş malın diri çəkisi 354 kiloqram təşkil etmişdir.

Qəzet özünün 11 avqust 1988-ci il tarixli, N 97 (122371) sayında, Ramiz Məşədiyevin imzası ilə, “Peşəsinin vurğunu. Firidun” başlıqlı məqalədə maraqla yazırdı: “ Həyatda az adam tapılır ki, onun sevimli peşəsi olmasın. Belələrindən biri də Quqark rayonunun Arcut kənd sakini Firidun Cəbrayılovdur. Firudun hərbi xidmətdə olarkən serjantlıq məktəbində oxumuş, öz bacarığı, işgüzarlığı sayəsində komandanlığın hörmətini qazanmış, buna görə də Sov.İKP sıralarına qəbul edilmişdir. Sovet ordusunda xidmətini başa vurdqudan sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakultəsinin qiyabi şöbəsinə daxil olur. Həm oxuyur, həm də işləyir. Kilsə kənd səkkiz illik məktəbində müəllim kimi fəaliyyət göstərərkən pedaqoji kollektivin, şagirdlərin rəğbətini qazanır. 1975-ci ildə Arcut kənd rabitə şöbəsi açılır. Ona müdir təyin etmək lazım idi. Rayonda çox götür-qoy etmədən Firidun Cəbrayılovu bu vəzifəyə irəli çəkdilər. Elə həmin vaxtdan da burada çalışır. Rabitə-poçt işində onun qarşısına çətinliklər də çıxmışdır. Lakin bacarığı, səyi nəticəsində, necə deyərlər, işləri sahmana sala bilmişdir. Kollektiv üzvləri onun işindən razılıq edirlər. Onu da deyək ki, rabitə şöbəsi bir qayda olaraq planları artıqlaması ilə yerinə yetirir. 12 il dalbadal Kirovakan rabitə işçiləri sahə həmkarlar ittifaqının keçici Qırmızı bayrağına, pul mükafatına və beş dəfə sosializm yarışı qalibi kimi tərif qramotasına layiq görülmüşdür. Kirovakan şəhər baş poçt idarəsinin rəisi Canik Manukyan söhbət əsanasında dedi ki, Firidun Cəbrayılovun rəhbərlik etdiyi rabitə şöbəsinin işi nümunədir. İdarənin işçiləri zəhmətkeşlərin abunə yazılışında fəalllıq göstərir, təcili teleqramları, məktubları ünvanlara vaxtında çatdırır, şəhərlərarası telefon sifarişlərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəmirlər”.                                              

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

 21    avqust  2025

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

21 Avqust 2025