6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi
Hər bir ölkənin qarşısında duran əsas vəzifələrdən biri ekologiya və ətraf mühitin qorunmasıdır.
İqlim dəyişikliyi, meşələrin qırılması, plastik tullantıların ətraf-mühitə atılması kimi problemlər təkcə təbiətə deyil, insan sağlamlığına da ciddi təsir göstərir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda da ekoloji təhlükələrə qarşı mübarizə və ətraf mühitin qorunması istiqamətində bir sıra proqramlar və qanunlar tətbiq olunur.
Bu kimi problemlərin aradan qaldırılması, ətraf mühitin, ekologiyanın mühafizəsi yalnız dövlətin diqqət yetirməli olduğu məsələdir. Hər bir insan gündəlik həyatda ekologiyaya zərə vuran davranışlarını aradan qaldırmaqla bu prosesə töhfə verə bilər.
Məsələn plastik məhsullardan imtina etmək, tullantıları yerə atmamaq, su və enerji israfından çəkinmək, təbiətə zərər vurmamaq və s. bu addımlara nümunədir. Hər bir valideyn uşaq yaşlarından övladlarına təbiət sevgisini aşılamalı, ətraf mühitə zərər vurmaması üçün düzgün tərbiyələndirməlidir.
Həmçinin ekoloji məsələlərdə beynəlxalq əməkdaşlıqda xüsusi önəm daşıyır. Azərbaycan da bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, mühüm addımlar atıb.
Ötən ilin noyabrında ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin həlli istiqamətində keçirilən ən genişmiqyaslı tədbirdir. Və ölkəmiz bu mötəbər tədbiri çox möhtəşəm bir şəkildə keçirdi.
COP29-da hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olunub. Burada inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsi nəzərdə tutulur.
Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilib. 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq.
Bunlar və bu kimi bütün atılan addımlar ekologiyanın, ətraf mühitin mühafizəsində önəmli rola sahibdir.
Hər birimiz təbiətə qayğı ilə yanaşmalı, gələcək nəsillərə yaşıl, təmiz və davamlı bir dünya miras qoymağa çalışmalıyıq.
Qorxmaz İbrahimli: Dərsliklərdə, maarifləndirici proqramlarda ekoloji mədəniyyət məsələsinə geniş yer verilməlidir
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən ekoloq Qorxmaz İbrahimli bildirib ki, ətraf mühitin mühafizəsi məsələsi dövlətimizin və cəmiyyətimizin ən vacib vəzifələrindən biridir.
Müsahibimiz son illərdə bu istiqamətdə mühüm addımlar atıldığını bildirib. Onun sözlərinə görə, əvvəlki illərlə, xüsusilə də müstəqilliyimizin ilk dövrləri ilə müqayisədə bu gün ekoloji sahədə xeyli irəliləyiş əldə etmişik.
Qorxmaz İbrahimli nəzərə çatdırıb ki, ətraf mühitin qorunması üçün dövlət tərəfindən qanunvericilik bazası yaradılıb.
Ekoloq qeyd edib ki, restoran, zavod və digər təsərrüfat obyektlərinin ətraf mühitə zərər vurmaması üçün tələblər mövcuddur. Dediyinə görə, burada yalnız dövlətin deyil, həm də vətəndaş cəmiyyətinin, Qeyri Hökumət Təşkilatlarının (QHT), könüllülərin, elm adamlarının, xüsusilə də universitetlərin müvafiq fakültələrinin rolu böyükdür.
“Ətraf mühitlə bağlı hər hansı hüquqi boşluq varsa, bu məsələlər akademik müzakirələrdə səsləndirilməli, ictimaiyyətin və Milli Məclisin diqqətinə çatdırılmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, ekoloji mədəniyyətin formalaşması uşaqlıqdan, bağçadan və ibtidai təhsildən başlamalıdır.
Q.İbrahimli vurğulayıb ki, Elm və Təhsil, Mədəniyyət, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə əməkdaşlığı ilə dərsliklərdə və maarifləndirici proqramlarda bu məsələyə geniş yer verilməlidir. Müsahibimiz izah edib ki, vətəndaşın ekoloji davranışı ilk növbədə təhsildən qaynaqlanır.
Ekoloq həmçinin deyir ki, hər bir vətəndaşın fərdi addımları da mühüm məsələlərdən biridir:
“Mən öz təcrübəmdən nümunə göstərə bilərəm. Məsələn, mən ailəmlə birlikdə dənizkənarına gedəndə, ətrafdakı zibilləri heç kimin xahişi olmadan yığışdırırıq. Bu, sadəcə mənim ixtisasımla bağlı deyil, vicdanımın tələbidir. Belə kiçik nümunələr başqalarına da təsir edir və insanlar könüllü şəkildə bizə qoşulurlar. Bu da ekoloji mədəniyyətin yayılmasına xidmət edir”.
Ekspert piknik yerlərinə də xüsusi diqqətin göstərilməliməsinin vacibliyini diqqətə çatdırıb. İbrahimli insanlara davranış qaydalarını xatırladan lövhələrin, təhlükəsizlik vasitələrinin, yanğınsöndürənlərin olmasının gərək olduğunu bildirib.
Müsahibimiz onu da qeyd edib ki, insanlar istirahətdən sonra ocaqları tam söndürməli, siqaret kötüklərini tullamamalı, biçin sahələrini yandırmamalıdırlar. Çünki bu cür məsuliyyətsizlik meşə yanğınlarına və ciddi fəsadlara səbəb olur.
Ekoloqun fikrincə, qanunvericilikdə ekoloji cinayətlər və cərimələr kifayət qədər sərt nəzərdə tutulub.
“Əgər biz uşaqlıqdan ekoloji mədəniyyət aşılayırıqsa, vətəndaşlar nəinki ətraf mühiti qoruyacaq, həm də korrupsiya hallarına meylli olmayacaq. Bu isə həm təbiətimizi, həm də cəmiyyətimizi sağlamlaşdıracaq”,- deyə Qorxmaz İbrahimli nəzərə çatdırıb.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb