İndoneziya hakimiyyəti bütün mühafizə olunan ərazilərdə və turizm obyektlərində fillərə minməyi qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "World Animal Protection" təşkilatının rəsmi saytında bildirilib.
Bali adasında yerləşən Meyson Fil Parkı ölkədə fillərə minməyin mümkün olduğu son məkanlardan biri idi. Lakin 2026-cı il yanvarın 25-də park rəsmi qurumlardan xəbərdarlıq aldıqdan sonra bu xidməti dayandırıb. Tələblərə əməl etməyən təşkilatların fəaliyyət icazələrinin ləğv oluna biləcəyi bildirilir.
Alimlər və heyvanların müdafiəsi üzrə mütəxəssislər fillərə minməyin onların sağlamlığına ciddi zərər vurduğunu qeyd edirlər. Heyvanları insanları daşımağa məcbur etmək üçün tez-tez ağrılı və stres yaradan təlim üsullarından istifadə olunur. Bu üsullar fillərin təbii davranışlarını məhdudlaşdırır və uzunmüddətli fiziki və psixoloji zərərlərə səbəb olur.
Bu cür gəzintilərin dayandırılması fillərə daha çox vaxtlarını təbii davranışlara — bir-biri ilə ünsiyyətə, otlamağa və çimməyə sərf etməyə imkan verir.
Bakı 




