• Bakı 10° C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

“ABŞ bazar günü İranı vuracaq”

DÜNYA

31 Yanvar 2026 | 09:44

“ABŞ bazar günü İranı vuracaq”

Vaşinqton regiondakı müttəfiq ölkələrdən birinə ABŞ-nin İrana mümkün hərbi hücumunun bazar günü başlaya biləcəyi barədə məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazır.

Məlumata əsasən, hücumun əsas hədəfi İran rəhbərliyi, eləcə də, ölkənin nüvə və ballistik raket infrastrukturu ola bilər.

Prezident Donald Trampın İrana “razılaşma üçün son tarix verdim” açıqlamasından sonra Amerika mediasında bu tarixlə bağlı iddialar artmaqda davam edir.

“Dropsite News”un məlumatına görə, ABŞ-nin yüksək vəzifəli rəsmiləri Trampın bu həftəsonu İrana hücum qərarını təsdiqləyə biləcəyini müttəfiq ölkəyə çatdırıblar. Mənbələr hücumların bazar günü başlayacağını iddia edirlər.

Xəbərdə qeyd olunur ki, Tramp administrasiyasına Yaxın Şərq siyasəti ilə bağlı qeyri-rəsmi məsləhətlər verən keçmiş kəşfiyyat rəsmisi məsələnin artıq nüvə və ya raket proqramı ilə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd İranda rejim dəyişikliyinə nail olmaqdır.

Mənbənin iddiasına əsasən, planlaşdırılan hücum İran rəhbərliyini, nüvə obyektlərini, ballistik raket qurğularını və digər hərbi hədəfləri əhatə edəcək. Bildirilir ki, Tramp administrasiyası mümkün hücumun uğurlu olacağı təqdirdə ölkə daxilində kütləvi etirazların yenidən başlaya biləcəyini və bunun hökumətin devrilməsinə gətirib çıxara biləcəyini hesablayır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bu iddialara münasibət bildirməkdən imtina edib.

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında həftəsonu keçirilməsi planlaşdırılan İran hərbi təlimləri ilə bağlı xəbərdarlıq yayıb. CENTCOM İran İnqilab Keşikçilərini təlimlər zamanı ABŞ qüvvələrindən uzaq durmağa çağırıb.

Bəyanatda İranın bölgədə hərbi fəaliyyət göstərmək hüququ tanınsa da, “beynəlxalq naviqasiya azadlığına lazımsız risklər yaradılmamalı” olduğu vurğulanıb. ABŞ tərəfi bildirib ki, Amerika hərbi qüvvələrinin üzərindən uçuşlar, toqquşma kursunda gəmilərə yüksək sürətlə yaxınlaşma və ya ABŞ əsgərlərinə silah tuşlamaq kimi hərəkətlərə dözümlə yanaşılmayacaq.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən imzalanma mərasimində İranla bağlı açıqlama verib: “Biz İrana çoxlu sayda gəmi göndəririk. Ümid edirəm ki, razılaşma əldə edə bilərik. Əgər razılaşma olsa, bu yaxşıdır; əks halda nə olacağını görəcəyik”.

Tramp bildirib ki, İrana doğru hərəkət edən Amerika donanması Venesuela üçün Karib dənizinə göndərilən donanmadan daha böyükdür. Prezident İranla təmasların davam etdiyini və son vaxtlar edamların dayandırılmasına nail olunduğunu qeyd edib: “İranın həqiqətən razılaşma istədiyini düşünürəm”.

İrana razılaşma üçün son tarix verib-vermədiyi sualına isə Tramp “Bunu yalnız onlar bilir” cavabını verib.

İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani isə mümkün münaqişə halında İranın sərt cavab verəcəyini bildirib. Onun sözlərinə görə, İranın cavabı İsrailin dərinliklərində hədəflərin vurulmasını da əhatə edə bilər.

Şamxani “düşmənlərin İrana hücum planları” barədə məlumatlı olduqlarını, bu planları neytrallaşdıracaq nöqtələrə zərbə endiriləcəyini bildirib.

Xatırladaq ki, yanvarın 28-də Donald Tramp sosial media hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nəhəng bir armadanın İrana doğru hərəkət etdiyini açıqlayıb. Tramp bu donanmaya “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyini və onun Venesuelaya göndəriləndən daha böyük olduğunu qeyd edib.

ABŞ Mərkəzi Komandanlığı da “USS Abraham Lincoln” zərbə qrupunun regional təhlükəsizlik və sabitliyi dəstəkləmək məqsədilə Yaxın Şərqə yerləşdirildiyini təsdiqləyib.

 


SON XƏBƏRLƏR

30 Yanvar 2026