ABŞ-İsrail hərbi əməliyyatlarından sonra Yaxın Şərqdə təhlükəsizlik mühiti daha da həssas mərhələyə daxil olub. Belə bir dövrdə Birləşmiş Ərəb Əmirlikləri və İranın milli təhlükəsizlik sahəsində yüksəkvəzifəli rəsmilərinin üzbəüz görüş keçirməsi regionda diqqətlə izlənilən hadisələrdən biri kimi qiymətləndirilir.
Məlumatlara görə, görüş təşəbbüsünün əsasən Əbu-Dabidən gəlməsi BƏƏ-nin mövcud gərginlik fonunda riskləri azaltmağa çalışdığını göstərir. Çünki Körfəz ölkələri üçün İranla açıq qarşıdurma yalnız siyasi deyil, həm də iqtisadi və enerji təhlükəsizliyi baxımından ciddi təhdidlər yarada bilər. Bu görüş həm də region dövlətlərinin artıq yalnız böyük güclərin hərbi strategiyasına bağlı qalmaq istəmədiyini, öz təhlükəsizlik maraqlarını birbaşa diplomatik kanallarla qorumağa çalışdığını göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu görüş ilk növbədə Yaxın Şərqdə böhranın idarə olunması üçün diplomatik kanalların yenidən aktivləşdiyini göstərir. ABŞ-İsrail əməliyyatlarından sonra regionda gərginlik yüksəlib və Körfəz ölkələri münaqişənin öz ərazilərinə sıçramasından narahatdır. Onun sözlərinə görə, BƏƏ kimi iqtisadi və maliyyə mərkəzi olan dövlətlər üçün sabitlik həyati əhəmiyyət daşıyır:
“Ona görə də Əbu-Dabi Tehranla birbaşa təmas qurmaqla mümkün riskləri əvvəlcədən yumşaltmağa çalışır. Bu, həm də Körfəz ölkələrinin təhlükəsizlik məsələlərində daha müstəqil və praqmatik xətt izlədiyini göstərir. Yəni regionda yalnız hərbi qarşıdurma deyil, paralel olaraq diplomatik balans axtarışı da gedir”.
Müsahibimiz hesab edir ki, bu görüş müəyyən mənada İranın regional təcridinin yumşalması istiqamətində mühüm siqnal kimi dəyərləndirilə bilər. İran uzun müddət regionda təzyiq altında saxlanılan aktor kimi təqdim olunurdu. Lakin son proseslər göstərir ki, Körfəz ölkələri Tehranla tam qopma siyasətinin praktik nəticə vermədiyini anlayırlar. İran coğrafi, hərbi və enerji baxımından regionun əsas oyunçularından biridir və onu tam kənarda saxlamaq mümkün deyil:
“BƏƏ-nin belə bir mərhələdə İranla danışması Tehranın regional diplomatiyada yenidən nəzərə alınan tərəfə çevrildiyini göstərir. Amma bu, İranla bütün problemlərin həll olunduğu anlamına gəlmir, sadəcə qarşıdurmanı idarə etmək üçün yeni kanalın açılması deməkdir”.
Züriyə Qarayeva: Əbu-Dabi üçün Tehranla dialoq təhlükəsizlik baxımından zəruri alətə çevrilib
“Görüş təşəbbüsünün məhz Əbu-Dabidən gəlməsi BƏƏ-nin xarici siyasətində hansı dəyişiklikləri göstərir” sualını cavablandıarn politoloq bildirib ki, bu təşəbbüs BƏƏ-nin xarici siyasətində praqmatizmin daha da gücləndiyini göstərir. Əbu-Dabi son illərdə yalnız Qərblə yaxın tərəfdaşlıq üzərində qurulan xəttlə kifayətlənmir, eyni zamanda region dövlətləri ilə də riskləri azaltmağa çalışır. Dediyinə görə, BƏƏ anlayır ki, İranla gərginliyin artması ticarət yollarına, enerji bazarlarına və investisiya mühitinə birbaşa təsir göstərə bilər. Buna görə də Əbu-Dabi üçün Tehranla dialoq təhlükəsizlik baxımından zəruri alətə çevrilib. Bu, BƏƏ-nin ABŞ-dan uzaqlaşması deyil, daha çox çoxvektorlu diplomatiya aparmasıdır. Yəni BƏƏ həm Qərblə strateji münasibətləri qoruyur, həm də İranla münasibətləri nəzarətdə saxlamaq istəyir.
“BƏƏ-İran görüşü ABŞ və İsrail üçün də mühüm mesajdır” deyən həmsöhbətimizə görə, bu mesaj ondan ibarətdir ki, region ölkələri İranla bağlı yalnız hərbi təzyiq siyasətinin tərəfdarı deyil. Körfəz dövlətləri mümkün müharibənin nəticələrini birbaşa yaşayacaq ölkələrdir və buna görə də daha ehtiyatlı davranırlar. Onun fikrincə, əgər BƏƏ kimi Vaşinqtonun yaxın tərəfdaşı Tehranla dialoq qurursa, bu, ABŞ üçün də diplomatik variantların tam bağlanmadığını göstərir. İsrail isə bu prosesə daha ehtiyatla yanaşa bilər, çünki Tehranla regional yumşalma İsrailin sərt təcrid xəttini zəiflədə bilər.
“Ümumilikdə bu görüş göstərir ki, Yaxın Şərqdə yeni reallıq formalaşır: region ölkələri böyük güclərin qarşıdurmasında passiv müşahidəçi olmaq istəmirlər”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 



