Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS-in işində iştirak strategiyalarını təsdiqləyib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı prezident administrasiyası məlumat yayıb.
Bildirilib ki, Belarusun ŞƏT-də iştirakı strategiyası və BRİCS-in fəaliyyətlərində iştirakı çərçivəsində respublikanın xarici siyasətinin həyata keçirilməsi strategiyası hökumətin müzakirəsi üçün dövlət başçısına təqdim edilib. Lukaşenko hər iki sənədi təsdiqləyib.
Belarusun ŞƏT-də iştirakı ilə bağlı təsdiq edilmiş strategiya fəaliyyətin konseptual istiqamətlərini, respublikanın ŞƏT-də iştirakının məqsəd və vəzifələrini, onların yaxın və orta perspektivdə həyata keçirilməsi mexanizmlərini müəyyən edir. BRİCS-ə aid olan strategiya isə Belarusla bu assosiasiyaya üzv və tərəfdaş dövlətlər arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini müəyyən edir.
Hər iki strategiya 2030-cu ilə qədər olan dövr üçün nəzərdə tutulub. Onlar müəyyən cari tendensiyalar nəzərə alınmaqla uzadıla, yenilənə və yenidən işlənə bilər.
Qeyd edək ki, Belarus 2024-cü ilin yayında ŞƏT-in tamhüquqlu üzvü olub, sonra isə BRİCS-in tərəfdaş dövlət statusunu rəsmiləşdirib.
Gülşən Şərif