• Bakı 13° C

    1.18 m/s

Beynəlxalq yarış Bakıda: Milli mətbəxdən dünya səhnəsinə

CƏMİYYƏT

20 Oktyabr 2026 | 11:01 | Müəllif: Qalib İbrahimoğlu

Beynəlxalq yarış Bakıda: Milli mətbəxdən dünya səhnəsinə

“World Young Chef, Young Waiter & Young Mixologist” (WorldYYY) beynəlxalq müsabiqəsi ilk dəfə Azərbaycanda keçirilir. Qonaqpərvərlik sektorunda çalışan gənc istedadların üzə çıxarılmasına və peşəkar inkişafına xidmət edən layihə aşpazların, ofisiantların və miksoloqların bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirməsinə imkan yaradır.

Bakıvaxtı.az-ın məlumatına görə, müsabiqənin birgə lisenziya sahibi, “Lady of Gold” podkastının aparıcısı Səbinə Hacıyeva bildirib ki, bu müsabiqənin ölkəmizdə təşkili Aszərbaycanın qonaqpərvərlik, turizm və kulinariya sektorlarının inkişafı baxımından əhəmiyyətlidir. Dediyinə görə, məqsəd gənc mütəxəssislərin qonaqpərvərlik sənayesində inkişafına dəstək olmaq, onların istedadlarını üzə çıxarmaq və beynəlxalq səviyyədə tanınmaları üçün imkan yaratmaqdır.

S.Hacıyeva qeyd edib ki, bu il ilk dəfə Azərbaycanda keçirilən müsabiqənin əsas məqsədlərindən biri ölkəmizin zəngin kulinariya irsini müasir qonaqpərvərlik ənənələri ilə birləşdirməkdir:

“İstəyimiz Azərbaycanın beynəlxalq qastronomiya məkanı kimi tanınmasına töhfə vermək, yerli istedadları dəstəkləmək və ölkəmizin kulinariya mədəniyyətini dünya miqyasında tanıtmaqdır. Yerli istehsalçıların, fermerlərin, sənətkarların, qida və içki təchizatçılarının fəaliyyətinin təşviqi də layihənin vacib istiqamətlərindəndir”.

Qeyd edək ki, Azərbaycan üzrə regional final oktyabrın 19–20-də Bakıda keçiriləcək.

Səbinə Hacıyevanın sözlərinə görə, Azərbaycan üzrə müsabiqəyə 100-dən çox müraciətin daxil olması və 12 finalçının müəyyənləşdirilməsi gənclərin bu sahəyə marağını göstərir. Qalib komanda 2027-ci ilin martında Londonda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək:

“İnanıram ki, “WorldYYY”nin Azərbaycanda keçirilməsi ölkəmizin kulinariya mədəniyyətinin dünyada daha geniş tanınmasına, gənclərimizin beynəlxalq təcrübə qazanmasına və yerli biznes nümayəndələri ilə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Bu təşəbbüs, eyni zamanda, Azərbaycanın qlobal qonaqpərvərlik sənayesində mövqeyinin möhkəmlənməsi üçün yeni imkanlar yaradacaq”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026