• Bakı 20° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Biliklə qurulan hüquqi cəmiyyət: Vətəndaşlığın ilk addımı

CƏMİYYƏT

15 Sentyabr 2025 | 12:25

Biliklə qurulan hüquqi cəmiyyət: Vətəndaşlığın ilk addımı

15 sentyabr Azərbaycanda “Bilik Günü” kimi qeyd olunur. Bu gün təkcə yeni tədris ilinin başlanğıcı yox, həm də hüquqi baxımdan dərin məna daşıyan bir gündür.

Məktəb qapılarının açılması, şagirdlərin və tələbələrin müəllim qarşısına çıxması, parta arxasında əyləşməsi təkcə tədrisin başlanması deyil, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil almaq hüququnun gerçəkləşməsinin simvoludur. Hər bir uşağın, gəncin və yetkin vətəndaşın savadlı və bilgili olması hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biridir.

Bu günün hüquqi aspekti nədir? Təhsil hüququ Bilik günü ilə necə bağlıdır və bu tarix cəmiyyət üçün hansı mənanı daşıyır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-la fikirlərini bölüşən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində açıq şəkildə hər kəsin təhsil almaq hüququnun olduğu qeyd edilib:

"Bu hüquq bütün vətəndaşlar üçün bərabər şəkildə təmin olunmalıdır. Bilik günü isə məhz bu hüququn həyata keçirilməsinin rəmzi başlanğıcıdır. Məktəb və universitetlərdə yeni dərs ilinin başlanması, müəllim və şagirdlərin birlikdə yeni biliklərə qovuşması, öyrənmək, tədqiq etmək və inkişaf etmək imkanlarının reallaşması, uşaqların və gənclərin hüquqlarının qorunduğunu göstərir".

Onun sözlərinə görə, uşaqların hüquqları da bu baxımdan xüsusi önəm daşıyır:

“Uşaq hüquqları haqqında” qanun uşaqların maariflənməsi, bacarıqlarının inkişaf etdirilməsi və təhsilə bərabər çıxış imkanı əldə etməsini dövlətin əsas vəzifəsi kimi müəyyən edir. Bilik günü bu öhdəliyin icrasını rəmzi şəkildə nümayiş etdirir. Hər bir şagirdin məktəbə getməsi, yeni biliklər qazanması, fərdi və sosial inkişaf imkanlarına malik olması uşaqların hüquqlarının qorunduğunu göstərir".

Rüstəm Əzimzadə: Hüquqi baxımdan Bilik günü həm də hüquqi dövlətin təməl daşlarından biridir

Hüquqşünas qeyd edib ki, bərabərlik prinsipi də təhsil hüququ ilə sıx bağlıdır. Təhsil hüququ hər bir vətəndaşa, istər şəhərdə, istərsə də kənddə yaşayan uşaqlara bərabər şəkildə tanınır: 

"Bilik günü bütün ölkədə eyni vaxtda qeyd olunur və bu, təhsil hüququnun hər kəs üçün eyni imkanlarla təmin olunduğunu göstərir. Dövlətin öhdəliyi odur ki, heç bir uşaq təhsil hüququndan məhrum qalmasın və hər kəs yeni dərs ilinə eyni imkanlarla başlasın. Hüquqi baxımdan Bilik günü həm də hüquqi dövlətin təməl daşlarından biridir. Savadsız və maarifsiz cəmiyyətin hüquqi vətəndaş yetişdirməsi mümkün deyil. Təhsil hüququ yalnız bilik qazanmaq yox, həm də hüquqi düşüncə, vətəndaş məsuliyyəti və cəmiyyətin inkişafı üçün zəruri olan bacarıqları öyrədir. Məktəb illəri insanların hüquqi mədəniyyətinin formalaşdığı əsas dövrdür. Bu səbəbdən Bilik günü həm simvolik, həm də hüquqi baxımdan əhəmiyyətlidir".

Müsahibimiz sonda diqqətə çatdırıb ki, Bilik günü yalnız yeni kitabların, dərslərin başlanğıcı deyil. Bu gün insanların təhsil almaq hüququnun həyata keçirildiyi, bərabər imkanların təmin olunduğu və gələcəyin savadlı, hüquqi vətəndaşlarının formalaşdığı mühüm bir tarixdir. Hər bir şagirdin məktəb qapısından içəri girməsi yalnız fərdi inkişaf deyil, eyni zamanda cəmiyyətin və dövlətin hüquqi inkişafının rəmzidir. Təhsil hüququnu qorumaq və reallaşdırmaq isə hüquqi dövlətin əsas prinsiplərindən biridir və Bilik günü bu prinsipin ən parlaq ifadəsidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Sentyabr 2025