• Bakı 16° C

    2.71 m/s

Biz nə deyək: “Orta Asiya”mı, “Türküstan”mı? - AÇIQLAMA

SİYASƏT

15 Oktyabr 2024 | 10:05 | Müəllif: Qalib İbrahimoğlu

Biz nə deyək: “Orta Asiya”mı, “Türküstan”mı? - AÇIQLAMA

Məlum oduğu kimi, Türkiyənin Milli Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün tarix dərsliyində köklü dəyişiklik edərək "Orta Asiya" adı Türküstanla əvəz edib.Türkiyənin tarixi addımı kimi adlandırılan bu dəyişiklikdən sonra proqramlara həmçinin "Deportasiya qanunu" yerinə "Köçürmə və Məskunlaşma Qanunu" kimi termin və anlayışlar da daxil edilib.

Qeyd edək ki, Türküstan adını ilk dəfə qədim iranlılar, daha sonra isə ərəblər Orta Asiyada türklərin yaşadıqları bölgələri ifadə etmək üçün işlədiblər. 15-ci əsrdə Teymurun səfərləri haqqında yazılan əsərlərdə Türküstan Maveraünnəhirdən kənarda yaşayan türklərin vətəni olub. Bundan əlavə, Xəzər dənizinin şimalındakı ərazilər İbn Fədlanın Səyahətnaməsində Bilədü't-Türk, Əhməd Tusi və bəzi fars yazıçıları tərəfindən Türküstan adlandırılıb.

Tarixin sonrakı dövründə Sovet rəhbərliyi türk əsilli toplumlar arasında separatçılıq fəaliyyəti həyata keçirərək türkləri parçaladı. Nəticədə türkmənləri, qırğızları, qazaxları və özbəkləri ayrı-ayrı respublikalara çevirərək Türküstan birliyini ləğv etdi. 16 sentyabr 1924-cü il tarixli qərarla Türküstan adı tamamilə aradan qaldırıldı. Sonradan bolşeviklər Türküstanın inzibati quruluşunu dəyişdilər. Qubernatorluğun mərkəzi yenidən Daşkənd olsa da, adı Orta Asiya bölgəsi oldu.

Maraqlıdır ki, Türkiyənin indiki qərarından sonra Azərbaycan da eyni addım atmalıdırmı?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Orta Asiya" adının Türküstanla əvəz edilməsi məsələsi olduqca vacibdir.

"Bu gün biz türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi üçün çalışırıq və bu istiqamət üzrə müvafiq addımlar atılır. Bu fonda "Orta Asiya" adının Türküstanla əvəz edilməsi məqsədəuyğundur”.

Ceyhun Məmmədov: "Orta Asiya" adının Türküstanla əvəz edilməsi məqsədəuyğundur

Müsahibimiz vurğulayıb ki, onsuz da sözügedən ərazilər tarixən türklərə məxsus olub. Bu, hər kəsə məlumdur.

Deputat hesab edir ki, Türkiyədə edilən dəyişikliyin ölkəmizdə də tətbiqinə imkan yaradılması Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Qeyd edək ki, Türküstan İranın Xorasan bölgəsindən başlayır, Pamir və Hinduş-Kunlun dağlarının şimal ətəkləri, Şimali Əfqanıstan da daxil olmaqla, Çinin Tun-huanq bölgəsinə qədər uzanır, oradan Mancuriyanın qərbinə çatır, bütün Cənubi Sibiri əhatə edir. Monqolustanla, qərbdə isə Ural dağları ilə birlikdə Volqa çayının Xəzər dənizinə çatdığı yerə qədər uzanır. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər Türküstan olub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026