BMT-nin baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin sözçünün müavini Fərhan Haq məlumat verib.
"Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir. O, İran və ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır. Baş katib BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etmək üçün BMT-yə üzv dövlətlərin məsuliyyətini xatırladır", - bəyanatda deyilir.
Haqın sözlərinə görə, Quterreş hər iki tərəfi maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa olsun münaqişənin eskalasiyasından qaçmağı xahiş edir.
Bundan əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirdiyini bəyan etmişdi. İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın İranın nüvə proqramını pozmaq məqsədi daşıdığını deyib və bunun ardınca daha çox zərbələr ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Murad Məmmədli