Boğaz ağrısı, xüsusilə üst tənəffüs yolları infeksiyalarının ən çox rast gəlinən əlamətlərindən biridir. Soyuq qidaların tez-tez qəbulu və tütün məhsullarının istifadəsi də boğazda yanğı və qıcıqlanmanı artırır. Lakin bu narahatlığı aradan qaldırmaq üçün dərhal əczaxanaya qaçmağa ehtiyac yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, ev şəraitində asanlıqla tətbiq oluna biləcək təbii üsullarla boğaz ağrısından qısa zamanda xilas olmaq mümkündür:
Duzlu su ilə qarqara: Duzun iltihabəleyhinə xüsusiyyətləri sayəsində boğazdakı infeksiya və qıcıqlanmanı azaltmaq mümkündür. 1 stəkan ilıq suya təxminən 1 çay qaşığı duz əlavə edin və qarqara edin. Bu proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq, ağrının azalmasına kömək edəcək.
Bal və limonlu su: Bal boğazı yumşaldaraq mikrob əleyhinə təsir göstərir. Limon isə C vitamini ilə immunitet sistemini gücləndirir. 1 stəkan ilıq suya 1 yemək qaşığı bal və bir neçə damcı limon suyu əlavə edib qarışdıraraq için. Bu içki həm ləzzətlidir, həm də boğaz üçün faydalıdır.
Adaçayı ilə qarqara: Adaçayının təbii antiseptik və iltihabəleyhinə təsiri sayəsində boğaz infeksiyasından qorunmaq və mövcud ağrını azaltmaq olar. 1 çay qaşığı qurudulmuş adaçayını 1 stəkan qaynar suya əlavə edib dəmləyin. Soyuduqdan sonra bu dəmləməni ya içə, ya da qarqara üçün istifadə edə bilərsiniz.
Zəncəfil çayı: Zəncəfil, boğazı sakitləşdirən və mikroblarla mübarizə aparan güclü təbii vasitələrdən biridir. Təzə zəncəfili dilimləyib 5-10 dəqiqə qaynar suda dəmləyin. İstəyə görə bal da əlavə edib içə bilərsiniz. Bu çay həm immuniteti gücləndirir, həm də boğaz ağrısını azaldır.
Bu sadə və əlçatan üsulları tətbiq etməklə, boğaz ağrısından sürətli şəkildə azad ola bilərsiniz. Əgər ağrılar uzun müddət keçməzsə və ya digər əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.
Nuriyyə Musayeva