Böyük Britaniya Parlamentində çalışan təhlükəsizlik əməkdaşları əməkhaqqı və iş şəraiti ilə bağlı narazılıq səbəbindən tətil elan ediblər.
Bakıvaxtı.az xəbər verir ki, İctimai və Ticarət Xidmətləri həmkarlar ittifaqının (PCS) yüzlərlə üzvü sentyabrın 3-də səhər saat 07:00-dan etibarən 24 saatlıq tətil keçirəcək. Eyni formada tətil sentyabrın 10-da da davam edəcək. Bununla yanaşı, sentyabrın 12-dək əlavə iş saatlarının qadağan olunması da daxil olmaqla digər etiraz tədbirləri nəzərdə tutulub.
Parlamentin sözçüsü açıqlamasında təhlükəsizlik əməkdaşlarının dəyərli həmkarlar olduqlarını vurğulayaraq tətil qərarını təəssüf doğuran nəticə adlandırıb. O, həmçinin aylarla davam edən danışıqlara baxmayaraq razılıq əldə edilmədiyini, lakin məsələlərin həlli üçün işçilərlə və həmkarlar ittifaqları ilə əməkdaşlığı davam etdirməyə sadiq olduqlarını qeyd edib.