Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusuna - SEPAH/IRGC-yə qarşı qəbul etdiyi yeni qərar Londonun İran siyasətində sadəcə növbəti sanksiya addımı deyil. Bu qərar Avropada dövlət tərəfindən idarə olunan gizli şəbəkələrə, vasitəçi qruplara və sifarişli zorakılıq mexanizmlərinə qarşı formalaşan yeni təhlükəsizlik doktrinasının mühüm hissəsidir.
Britaniya hökuməti IRGC-ni və onunla əlaqəli hesab etdiyi “Islamic Movement of Companions of the Right” qrupunu yeni dövlət təhdidləri mexanizmi çərçivəsində qadağan olunan strukturlar sırasına daxil etmək qərarına gəlib. Parlament təsdiqindən sonra bu qurumlara açıq dəstək vermək, onların adından fəaliyyət göstərmək və ya onlarla maliyyə əlaqəsi qurmaq ayrıca cinayət məsuliyyəti yarada bilər.
Burada mühüm hüquqi fərq var: London IRGC-ni ənənəvi qaydada yalnız Terrorism Act əsasında terror təşkilatı elan etməklə kifayətlənməyib. Britaniya dövlətə bağlı strukturlar üçün ayrıca hüquqi rejim formalaşdırmağa çalışır. Çünki klassik terror qanunvericiliyi əsasən qeyri-dövlət qruplarına qarşı hazırlanıb. IRGC isə İran dövlətinin rəsmi hərbi-siyasi institutudur, eyni zamanda xaricdə gizli əməliyyatlar, vasitəçi qüvvələr və yerli kriminal qruplar üzərindən fəaliyyət göstərməkdə ittiham olunur. Yeni mexanizm məhz bu hüquqi boşluğu aradan qaldırmaq məqsədi daşıyır.
Britaniya hökumətinin mövqeyinə görə, xarici dövlətlər artıq öz əməkdaşlarını birbaşa əməliyyata göndərmək əvəzinə, yerli cinayətkar qruplardan, muzdlu şəxslərdən və ideoloji tərəfdarlardan istifadə edirlər. Bu şəxslərə müşahidə aparmaq, obyektlərin ünvanlarını müəyyənləşdirmək, media nümayəndələrini izləmək, təxribat və zorakılıq təşkil etmək kimi tapşırıqlar verilə bilər. Londonun qərarı belə fəaliyyətləri “adi kriminal hadisə” kimi deyil, xarici dövlət tərəfindən yönləndirilən milli təhlükəsizlik təhdidi kimi qiymətləndirməyə imkan verir.
Britaniya rəsmiləri IRGC ilə əlaqələndirilən fəaliyyətlər arasında insan həyatına təhdid, intimidasiya, müşahidə, sabotaj və İran hakimiyyətini tənqid edən şəxslərə qarşı əməliyyat hazırlıqlarının olduğunu bildirirlər. Son qərar xüsusilə Londonda yəhudi və İsraillə əlaqəli obyektlərə qarşı hücumların, o cümlədən yəhudi icmasına məxsus təcili yardım avtomobillərinin yandırılmasının ardınca qəbul edilib. Britaniya tərəfi IRGC-nin bir sıra hallarda birbaşa görünmədən, vasitəçi qruplar və kriminal elementlər üzərindən fəaliyyət göstərdiyini iddia edir.
Bu, təhlükəsizlik baxımından ciddi dəyişiklikdir. İndiyə qədər Avropa dövlətlərinin İran siyasəti əsasən üç istiqamətdə qurulurdu: nüvə proqramı ilə bağlı diplomatiya, insan hüquqlarının pozulmasına görə fərdi sanksiyalar və İranın Rusiya ilə hərbi əməkdaşlığının məhdudlaşdırılması. İndi isə dördüncü və daha sərt istiqamət ön plana çıxır: İran dövlətinin Avropa daxilində mümkün gizli və hibrid fəaliyyətlərinin qarşısının alınması.
Britaniya qərarının yalnız İranla məhdudlaşmaması da diqqət çəkir. Eyni mexanizm çərçivəsində Rusiya hərbi kəşfiyyatının - GRU-nun könüllü və vasitəçi strukturlarından biri də hədəfə alınıb. Bununla London İran və Rusiyanın fəaliyyətlərini eyni təhlükəsizlik kateqoriyasında nəzərdən keçirir: dövlətlərin öz məsuliyyətlərini gizlətmək üçün “inkar edilə bilən”, qeyri-rəsmi və vasitəçi qüvvələrdən istifadə etməsi. Britaniyanın yanaşmasına görə, müasir qarşıdurma artıq yalnız ordular və diplomatik nümayəndəliklər vasitəsilə aparılmır; siyasi təzyiq, kibermüdaxilə, sabotaj, dezinformasiya və yerli kriminal şəbəkələrin səfərbər edilməsi vahid hibrid strategiyanın elementlərinə çevrilib.
Alim Nəsirov
Bakı 



