Puertorikolu keçmiş boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə idmançının atası və məşqçisi Riçard Kolon öz "Instagram" hesabında paylaşım edib.
İdmançının atası oğlunun artıq daha yaxşı bir yerdə olduğunu bildirib. O qeyd edib ki, övladının arzusunu reallaşdıraraq onu dincəlmək üçün Puerto-Rikoya aparmaq istəsə də, bu istəyi baş tutmayıb. Ata Kolon, eyni zamanda, uzun illər ərzində göstərilən sevgi və dəstəyə görə hər kəsə minnətdarlığını bildirib, ailəsi üçün duaların davam etdirilməsini xahiş edib.
Kolon idman karyerasını 17 oktyabr 2015-ci ildə amerikalı Terrell Uilyamsla qarşılaşmada aldığı ağır xəsarətdən sonra başa vurmuşdu. Döyüş zamanı rəqibi ona dəfələrlə başın arxa hissəsinə qadağan olunmuş zərbələr endirmişdi. Görüşdən sonra puertorikolu boksçuda subdural hematoma aşkar edilmişdi. Kəllədaxili təzyiqi azaltmaq məqsədilə o, təcili əməliyyat olunmuşdu. 221 gün komada qalan Kolon ömrünün sonunadək həmin ağır travmanın fəsadlarından əziyyət çəkib.
Uilyamsla döyüşə qədər boksçu məğlubiyyət nə olduğunu bilmirdi. O, keçirdiyi 16 görüşün hamısında qələbə qazanmış, onlardan 13-nü isə nokautla başa vurmuşdu.
Bakı 



